“Yeganə alternativ variant kimi pulla şirnikləndirmə amilini ortaya atırlar”
Ramiz Tağıyev: “Düşünürlər ki, bəlkə gəncləri bu yolla orduya cəlb edə bildilər”
Ermənistan yeni ordu quruculuğuna keçməyi planlaşdırır. Bu barədə məlumatı Ermənistan saytları həmin ölkənin müdafiə naziri Vigen Sarkisyana istinadən yayıb. Bildirilir ki, bununla bağlı iki model təklif edilir. Birinci budur ki, qismən pullu olan alternativ hərbi xidmət 2 yox, 3 il olacaq. İkincisi isə ali məktəb məzunları ilə bağlıdır. Belə ki, onların da orduya ödənişli əsaslarla 3 il müddətinə zabit kimi çağırılmasını əks etdirir. Bütün bu işlərin yeni müzakirəyə çıxarılan “müddətli-müqaviləli” ordu doktrinası əsasında aparılacağı qeyd olunur. Ermənistanın bu modelə keçmək istəməsi nə ilə bağlıdır?
Siyasətçi Ramiz Tağıyev qəzetimizə bildirdi ki, bunun səbəbləri tam aydındır: “Ermənistan ordusu hazırda ciddi problemlərlə üzləşib. Problemlərin kökündə duran məsələləri sadalamaq istərdim. İnsan resursları çox az olan bir ölkə böyük iddialara düşərək, başqa bir ölkənin də ərazisində müharibə aparır və faktiki olaraq geniş bir ərazini işğal altında saxlayır. Bütün bunu həyata keçirmək üçün canlı əsgəri qüvvəyə ehtiyac var. Heç müharibə getməsə belə, postlarda durmağa hərbçi lazımdır. Ölkədəki ağır iqtisadi vəziyyət gəncləri Ermənistanı tərk etməyə vadar edir. Bunun nəticəsində də əsgər çatışmazlığı yaranır. Digər bir tərəfdən isə, Ermənistanda əsgər anaları böyük səs-küy salırlar ki, onların övladları niyə başqa ölkənin ərazisində ölməlidir? Son statistika göstərir ki, Ermənistanda fərarilik halları dəhşətli dərəcədə artıb. Hökumət bunu anladığı üçün, cəzbedici layihələr adı ilə əhalinin orduya marağını artırmaq istəyir. Görürsünüz ki, yeganə alternativ variant kimi pulla şirnikləndirmə amilini ortaya atırlar. Düşünürlər ki, bəlkə gəncləri bu yolla orduya cəlb edə bildilər. Ermənistanla bağlı aparılan real təhlillər yaxşı nəsə vəd etmir. Ölkə bütün sahələrdə tənəzüllə üz-üzədir. Bütün bu həlledici faktorların ordunun formalaşmasına da mühüm təsiri var. Ermənistan bu sistemi tətbiq edib. Yəni kontrakt əsasında qulluq var, ancaq ora gedənlər ordunu sürətlə tərk edir. Bunlar da müddəti bir qədər artırmaq istəyirlər ki, şəxsi heyət baxımından stabilliyi qoruyub saxlaya bilsinlər. Bu səyləri uğursuz sayıram. Ermənistan yəqin ki, konfliktin bu qədər uzanacağını, Azərbaycanın uzun illər duruş gətirəcəyini planlamayıb. Blokada şəraitində qalmaqdan doğan iqtisadi və siyasi nəticələr artıq özünü çılpaqlığı ilə göstərməkdədir”.
Məhəmmədəli QƏRİBLİ