Strateq.az xarici mətbuata istinadən bu suallara cavab tapmağa çalışacaq.
“Nüvə klubu” nədir və ora kimlər daxildir?
«Nüvə klubu» nüvə silahına malik olan dövlətlərin qeyri-rəsmi adıdır. Burada “pioner” Birləşmiş Ştatlardır. ABŞ ilk dəfə atom bombasından 1945-ci ilin iyun ayında istifadə edib.
ABŞ-ın ardınca səhnəyə öz atom arsenalı ilə SSRİ (1949), Böyük Britaniya (1952), Fransa (1960) və Çin (1964) çıxdı.
Bu beş dövlət “nüvə klubu”nu təşkil etdi və dünya ölkələrinin bir çoxu nüvə silahının yayılmaması üzrə saziş imzaladıqdan sonra – 1970-ci ildə bu kluba giriş qapadıldı.
Bu sazişə imza atmayanlar da oldu – İsrail, Hindistan, Şimali Koreya və Pakistan. Bu ölkələr “nüvə klubu”nun qeyri-rəsmi üzvləri oldular.
Hindistan ilk dəfə 1974-cü ildə nüvə silahını gizli şəkildə sınaqdan keçirdi. İkinci sınaq 1998-ci ildə oldu. Bu dəfə açıq şəkildə. Elə həmin il Hindistanın əsas rəqibi Pakistan da atom bombasını işə saldı.
Şimali Koreya isə nüvə silahını 2006-da üzə çıxardı. Nüvə silahına sahiblənməklə Hindistan Çindən, Pakistan Hindistandan, Şimali Koreya isə ətrafındakı hər kəsdən, eləcə də ABŞ-dan qorunmağa çalışırdı.
İsrail bu məsələdə xüsusi statusa malikdi. Bu ölkə nüvə silahına sahib olması ilə bağlı iddiaları nə təsdiq, nə də təkzib edir. Ekspertlərin bu məsələ ilə qənaəti isə yekdildir – İsrailin nüvə silahı var.
Nüvə silahına sahib olmaq cəhdləri Cənubi Afrika Respublikası tərəfindən də görüldü. Lakin 1991-ci ildə beynəlxalq ictimaiyyətin təzyiqləri altında ölkə bu niyyətindən əl çəkməli oldu.
Müxtəlif illərdə müxtəlif ölkələr (İsveç, Braziliya, İsveçrə, Misir) öz hərbi-nüvə proqramlarını həyata keçirirdilər. İran nüvə bombası hazırlamaq niyyətinə görə dəfələrlə ittiham olunmuşdu. Bununla belə Tehran israrla bildirirdi ki, bunu dinc məqsədlərlə edir.
Hindistan, İsrail, Pakistan və Şimali Koreya “nüvə klubu”na niyə rəsmən daxil olmur? Bu sualın cavablarından biri odur ki, nüvə silahına ilk sahib olan ölkələr ona sahiblik hüququnu da qazanıblar.
Digər səbəb odur ki, bu ölkələr stabil siysi rejimlər tərəfindən idarə olunurlar ki, bu da nüvə silahının terrorçuların əlinə düşməyəcəyinə müəyyən qədər təminat verir.
Sovet dövründə dünya birliyi bu məsələ ilə bağlı dərin narahatlıq keçirirdi. Nəticə etibarilə sovetlərin atom arsenalı Rusiyaya miras qalmalı oldu.
Nüvə silahları necə olur?
Bu silahlar iki nəhəng qrupa ayrılır – atom bombası, termonüvə bombası. Hazırda “nüvə klubu”nun həm rəsmi, həm qeyri-rəsmi üzvlərinin əksəriyyəti daha dağıdıcı olan termonüvə partlayıcısına sahibdilər.
Yeganə istisna Pakistandır. Bu ölkə üçün termonüvə bombasını hazırlamaq olduqca çətin və bahalıdır.
“Nüvə klubu” üzvlərinin nüvə arsenalı
Ən çox nüvə başlığına sahib ölkə Rusiyadır – 7290. İkinci yerdə 7 min nüvə başlığına sahib olan ABŞ gəlir. Növbəti yerləri isə bu ölkələr bölüşür – Fransa (300), Çin (260), Böyük Britaniya (215), Pakistan (130), Hindistan (120), Şimali Koreya (10).
Nüvə bombasının hazırlanması üçün uran hansı səviyyədə zənginləşdirilməlidir? Ən azı 20 faiz. Lakin bu səviyyə o qədər də effektiv nəticə vermir. Bombanı hazırlamaq üçün yüzlərlə kiloqram zənginləşdirilmiş uran lazımdır. Bunun üçün ən optimal səviyyə 85 faizdir.
Bomba, yoxsa AES?
Atom bombası hazırlamaq ATOM Elektrik Stansiyası (AES) qurmaqdan xeyli asandır. Təbii ki, bunun üçün yüksək texnoloji imkanlar olmalıdır. Lakin uran bombasını ərsəyə gətirmək üçün heç reaktora da ehtiyac yoxdur. Uranı oğurlamaq və ya satın almaq olar. Qalanı isə texnikanın görəcəyi işdir. Bu halda hətta orta səviyyədə inkişaf etmiş ölkə belə, öz bombasını hazırlaya bilər.
Atom Elektrik Stansiyasını qurmaq və işlək vəziyyətdə saxlamaq isə daha böyük əmək tələb edir.
“Çirkli bomba” nədir?
“Çirkli bomba”nın hədəfi radioaktiv izotopun maksimum geniş sahəyə yayılmasıdır. Nəzəri olaraq “çirkli bomba” nüvə kimi ola və ya olmaya bilər. Məlum olduğu qədər hələlik heç bir ölkə “çirkli bomba” hazırlamayıb.
Nüvə texnologiyalarının sızması riski kifayət qədər böyükdür. Bu istiqamətdə ən ciddi narahatlıq Pakistanla bağlıdır. Beynəlxalq Atom Agentliyinin rəhbəri əl-Baradei bir vaxtlar Pakistanı “nüvə supermarketi” adlandırmışdı.
2004-cü ildə məlum oldu ki, silahların hazırlanması proqramının rəhbəri Əbdül Qədir Xan nüvə texnologiyalarını sağa-sola satırmış. O cümlədən də Liviya, İran və Şimali Koreyaya.
Son illər Pakistanın nüvə arsenalında təhlükəsizlik tədbirləri ciddi şəkildə gücləndirilib. Lakin risk qalmaqdadır. Əgər İslamabaddan texnologiyanın sızmasını idarə etmək olarsa, Şimali Koreya ilə bağlı belə bir təminatın verilməsi mümkün deyil.
Şimali Koreya nüvə silahına necə sahib olub?
Şimali Koreya nüvə proqramı üzərində 1952-ci ildən, SSRİ-nin dəstəyi ilə işləməyə başlayıb.
1959-cu ildə növbəti dəstək Çindən gəlib. 1963-cü ildə Pxenyan nüvə silahı hazırlamaq üçün Moskvadan kömək istədi. Lakin Moskva da, Pekin də bu müraciətə “yox” dedi.
Onların heç biri yeni nüvə dövlətinin mövcudluğunu istəmirdi.
Bundan başqa Moskva 1985-ci ildə Şimali Koreyanı məcbur etdi ki, nüvə silahının yayılmasını qadağan edən saziş imzalasın.
Ehtimal olunur ki, koreyalılar öz nüvə bombaları üzərində 1980-ci ildən, Beynəlxalq Atom Agentliyindən xəbərsiz işləməyə başlayıblar.
Şimali Koreyanın raketləri hansı məsafəyə qədər uça bilər?
Bu məsələ ilə bağlı dəqiq söz demək çətin olsa da, böyük ehtimalla Cənubi Koreya və Yaponiya təsir dairəsinə düşür. Raketlər ABŞ-a çata bilərmi, bu məlum deyil.
Rəsmi Pxenyan hər fürsətdə bəyan edir ki, onun raketləri dünyanın istənilən nöqtəsindəki düşməni vura bilər. Hətta peykin orbitə uğurlu şəkildə göndərilməsi belə, o mənanı vermir ki, Şimali Koreya raketləri ABŞ-ın hədəflərini vurmaq iqtidarındadır.
Lakin 2016-nın oktyabrında «Xvason-13» raketlərinin nümayişi göstərdi ki, ölkə qitələrarası ballistik raketin hazırlanmasının bir addımlığındadır. Və istisna deyil ki, son yarım ildə bu addım atılıb.
1962-ci ildə Karib böhranı zamanı nüvə apokalipsisinin perspektivi SSRİ ilə ABŞ arasında savaşı önlədi. Xruşşov və Kennedi “qırmızı xətti” keçməyəcək qədər sağlam düşünə bildilər.
Bununla belə, nüvə dövlətləri arasıda ən azı iki münaqişə nümunəsi olub.
1969-cu ildə SSRİ və Çin arasında Damansk adası uğrunda mübahisə və 1999-cu ildə Hindistan və Pakistan arasında sərhəd mübahisəsi.
Birinci halda atom bombasından istifadə variantı heç nəzərdən keçirilməmişdi. İkinci nümunədə isə hər iki tərəf maksimum ehtiyatlı davranırdı ki, rəqibini nüvə silahından istifadəyə təhrik etməsin.
Strateq.az