Jurnalistin evi qanunsuz sökülüb –İcra başçısı tikintinin təcili bərpa olunması barədə göstəriş verdi

0
5
Abşeron Rayon İcra Hakimiyyəti jurnalist Hacı Zeynalovun min əziyyətlə illərdir tikdirdiyi və hələ başa çatdırmadığı evini sökdürüb. Halbuki evin tikilməsi ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinin razılıq sənədi, memarlığın təsdiq etdiyi sənəd mövcuddur.

Məsələ ilə əlaqədar həmkarımız icra başçısının qəbulunda olub və problem öz həllini tapıb.

“Şərq”ə açıqlama verən jurnalist 2 il bundan qabaq ev tikmək niyyəti ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinə müraciət edərək eskiz layihəsini təqdim edib və layihə də müvafiq qurum tərəfindən qəbul olunub:

“Mən hüquqi bir dövlətdə yaşayıram və hər işimi də bu müstəvidə həll etməyə çalışıram”.

H.Zeynalov evinin sökülən zaman hadisə yerində olmadığını deyib: “İcra hakimiyyətinin əməkdaşları evimin bir hissəsini söküblər. Bu barədə isə mənə əvvəlcədən heç bir xəbərdarlıq edilməyib. Söküntünü görən qonşulardan biri soruşub ki, evi niyə sökürsüz? Bu evin sənədi var, qanuni əsasla tikilib. Ancaq bu müdaxilədən sonra icra hakimiyyətinin nümayəndələri söküntü işlərini dayandırıb, gediblər”.

Hadisədən xəbərdar olan kimi H.Zeynalov Abşeron Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb və ondan sənəd tələb olunub: “Bütün sənədlərimi toplayıb, icra başçısının qəbuluna gəldim və araşdırma aparanda məlum oldu ki, söküntü qanunsuzdur və ortada anlaşılmazlıq olub. Evimin sökülməsi ilə bağlı icra hakimiyyəti başçısının hər hansı bir göstərişi olmayıb. İcra nümayəndələri mənim evimi sənədsiz zənn etdikləri üçün söküblər. İcra başçısı İradə Gülməmmədova özü birbaşa məsələni nəzarətə götürdü və mənə dəyən ziyanın tez bir zamanda aradan qaldırılması ilə bağlı göstəriş verdi ki, tikinti bərpa olunsun”.

Hadisə mətbuatda işıqlandırılandan sonra Prezident Administrasiyasından da dərhal reaksiya verilib və şəxsən jurnalistin özü ilə əlaqə saxlayıb araşdırma aparacaqlarını qeyd ediblər.

Abşeron rayon icra başçısının bu hadisədən xəbərsiz olduğunu vurğulayan həmkarımız hesab edir ki, burada əsas məsuliyyət sahibi araşdırma aparmadan söküntü işləri həyata keçirən icra nümayəndələridir: “Düzdür, evimin sökülən hissəsi bərpa olunacaq, ancaq mənim keçirdiyim stress və həyəcan maddiyyatla kompensasiya olunacaq bir şey deyil. Həmin gün ərzində mənim çəkdiyim daxili əziyyətin sözlə belə ifadəsi mümkünsüzdür”.