Mənzil bazarında qiymətlər necə dəyişəcək? – Proqnoz

Mənzil bazarında qiymətlər necə dəyişəcək? – Proqnoz

0
3

“Mənzil bazarında bu ilin ilk aylarında qiymət artımlarının olduğunu söyləmək mümkün deyil.”

Bunu iqtisadi-ekspert Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, son 3 ildə qiymətlərin xüsusən də dollar ifadəsində azalması müşahidə edilib:“Mənzil satışı ilə məşğul olan bir sıra şəbəkələşmiş şirkətlər və ya ofislər süni şəkildə qiymət artımlarına çalışsalar da belə tələbin azlığı fonunda bu uğurlu olmayıb. Bəs, mənzil bazarında qiymətlər necə dəyişəcək? Mənzillərin qiyməti birbaşa manatın bazar dəyərinin formalaşmasından asılı olacaq. Bir tərəfdən, mənzil almaq istəyən sayı az olmayan vətəndaşlarımız öz vəsaitlərini xarici valyutaya çevirərək daha uyğun məzənnə ilə pulu milliləşdirib ev almağı düşünürdülər, digər tərəfdən isə manat stabillik əldə edə bilərsə bu sektorda yığım-yatırımların həcmini artıra bilər. Manatın stabilliyinə nail olmaq mümkün olsa da pulunu xarici valyuta saxlayan vətəndaşlarımızın əhəmiyyətli hissəsi vəsaiti daşınmaz əmlakda saxlamaq qərarı verə bilərlər ki, bu da bazardakı durğunluğun aradan qalxmasına səbəb ola bilər.”

Vüqar Bayramov qeyd edib ki, bəzi mənzil sahibləri əvvəlki dövrlərdə evlərini daha tez satıb pulunu xarici valyutada saxlamağa üstünlük verirdilər ki, bunların da sayının azalacağı gözləniləndir: “O baxımdan, əgər bu ilin birinci yarısında manat stabil qalarsa, o zaman ilin ikinci yarısında mənzil bazarında tələbin artması proqnozlaşdırılır. Təbii ki, bu halda tələbin artması baş versə də belə 2017-ci ildə mənzil bazarında kəskin qiymət artımları gözlənilmir. Çünki formalaşmış təklif ilə tələb arasında uçrum çox böyükdür. Bunun optimallaşması zaman tələb edir. Amma əgər manatın stabilliyinə nail olmaq mümkün olmazsa o zaman növbəti aylarda da mənzil bazarındakı durğunluq qalacaq. Valyuta bazarı stabilləşərsə, bu kontekstdən də tələb artarsa, o zaman 2018-ci ilin əvvəlində müəyyən qiymət artımları istisna edilmir.”