Akif Çovdarovun məhkəməsi davam etdirilib –Zərərçəkmiş şəxs səhhətinə görə ifadə verməyib

0
3
Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdən sonra Akif Çovdarovun vəkili Şahin Rəfiyev jurnalistlərə açıqlama verib.

Vəkil bildirib ki, “Real” MTK-nın hazırda həbsdə olan müdiri və iş üzrə zərərçəkmiş şəxs olan İlham Qasımov prosesə gətirilib. Lakin o, səhhətində problem olduğunu deyib və buna görə ifadə verməyib. İclasda İlham Qasımovun qardaşı İslam Qasımov ifadə verib. O, bildirib ki, A. Çovdarova pul verməyib, təqsirləndirilən şəxsləri tanımır. O pulu başqa MTN əməkdaşlarına verdiyini deyib, bildirib ki, bir neçə saat MTN-də saxlanıldıqdan sonra buraxılıb.

Daha sonra iclasda zərərçəkmiş şəxslərdən Tahir Mirzəyev ifadə verib. T. Mirzəyev bildirib ki, onu MTN-ə aparıb gecə saat 22-yə qədər orada saxlayıblar, daha sonra sərbəst buraxıblar. O, hər hansı təzyiqə məruz qalmadığını deyib.

Prosesdə “Yeni Yasamal” MTK epizodu üzrə Kazım Bağırov, “Texmarin” LTD epizodu üzrə isə Asif Bədəlov şahid qismində ifadə verib.

Proses aprelin 5-də davam edəcək. (APA)