Bunu Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçimizlə görüşündə deyib. Dövlətimizin başçısı qeyd edib: “Biz öz siyasətimizi davam etdirəcəyik, ölkəmizi gücləndirəcəyik, ordumuza daim yüksək diqqət göstəriləcəkdir. Bildiyiniz kimi, baxmayaraq ki, indi maliyyə vəziyyətimiz əvvəlki illərdəki kimi deyil, bu da təbiidir, ancaq ordumuzun ehtiyaclarını ödəmək üçün heç bir məhdudiyyət yoxdur. Mən hökumətə də bunu demişəm, bütün dövlət qurumları bunu bilir. İlk növbədə, ordumuzun sifarişləri təmin edilməlidir və büdcə xərclərinin tərkibində ən böyük xərclər hərbi xərclərdir. Yeni şəhərciklər salınır, hərbi bazalar tikilir, ən müasir silah, texnika alınır”.
İlham Əliyev bildirib ki, aprel döyüşlərindən sonra çox böyük məbləğdə yeni kontraktlar imzalanıb və ən müasir, yüksək dəqiqliyə, dağıdıcı qüvvəyə malik olan silahlar sifariş edilib: “Onların bir hissəsi Azərbaycana gətirilib. Sadəcə Ermənistan rəhbərlərindən fərqli olaraq, biz bunu təbliğat naminə nümayiş etdirmirik. Amma lazım gələrsə və vaxt gələndə, lazım bildiyimiz anda biz bir daha göstərəcəyik ki, nəyimiz var. Qoy, onlar bilsinlər ki, bu gün Azərbaycan Ordusu həm döyüş qabiliyyəti, vətənpərvərlik ruhu və maddi-texniki təminat baxımından dünya miqyasında güclü ordular sırasındadır.
Biz işğal edilmiş torpaqlara qayıdacağıq. Bu, bizim əsas vəzifəmizdir. Necə ki, keçən il azad edilmiş torpaqlarda bu gün bayrağımız dalğalanır, hələ də işğal altında olan bütün başqa torpaqlarımızda da Azərbaycan bayrağı qaldırılacaqdır”.