Ramiz Tağıyev: “Ermənistanın turizm infrastrukturu çox bərbaddır”
Ermənistan KİV-i Novruz bayramı ilə bağlı onların ölkəsinə rekord həddə turistin gəldiyi barədə məlumatlar yayır. Bildirilir ki, bu günlərdə Ermənistana səfər edən iranlıların arasında azərbaycanlı turistlər çoxluq təşkil edib. Hətta turistlərin gəlmə sayını şişirtmək üçün İrəvana İrandan 27 təyyarənin endiyini də bəyan ediblər.
Bu məlumatı nə dərəcədə doğru saymaq olar?
Siyasətçi Ramiz Tağıyev bildirdi ki, Ermənistanın çox ağır iqtisadi durumda yaşadığı heç kim üçün sirr deyil:
“Ermənistanın öz ekspertlərinin apardığı təhlillərdə də real vəziyyət etiraf edilir. Bildirilir ki, 2016-cı il Ermənistan üçün o qədər də uğurlu olmadı, bütün əsas göstəricilər aşağı düşdü: iqtisadi artım planlaşdırılmış 2,1 % əvəzinə 05 % təşkil etdi, il ərzində xaricdən pul köçürmələri və xarici sərmayələr azaldı, dövlət borcu isə, əksinə, artdı.
Artan ancaq Ermənistana İrandan turistlərin axın dinamikası olub. Təbii ki, iranlı turistlərin Ermənistana maneəsiz gedib-gəlməsi iki ölkə arasında mehriban münasibətlərdən qaynaqlanır. Novruz bayramı İranda təmtəraqla keçirilir. Bu bayram martın dördüncü şənbəsindən başlayır və 13 gün davam edir. Həmin tarixlərdə İranda qeyri-iş günü olduğu səbəbindən, əhali daha çox xarici ölkələrdə istirahət etməyə üstünlük verir. Bu baxımdan da İranla həmsərhəd olan ölkələr daha çox seçilir. Biz bu mənzərəni hər il öz ölkəmizdə hiss edirik. Eyni sözü Gürcüstan barədə də deyə bilərik. Ermənistana da turistlərin getdiyini istisna etmirik. Ancaq onların böyük əksəriyyətinin azərbaycanlı olması doğru deyil. Ermənistan belə yalan məlumatları məqsədli şəkildə yayır. Novruz bayramı ilə bağlı həmin ölkəyə azərbaycanlı əsilli iranlıların daha çox səfər etməsi inandırıcı deyil. Çünki Ermənistanın turizm infrastrukturu çox bərbaddır. Azərbaycanlılar psixoloji olaraq Ermənistanı özlərinə dost saymır. Eyni zamanda, Ermənistanda Novruza aid heç nə yoxdur deyə, həmin ölkə məhz dediyimiz məqamda soydaşlarımızı cəlb edə bilməz. Fars əsilli İran vətəndaşlarının az qruplarla səfər etməsi isə mümkündür”.
Məhəmmədəli QƏRİBLİ