ABŞ-dan olan həmsədr:“Qarabağ münaqişəsinin həlli ilə bağlı 3 hissədən ibarət plan var”

0
3
“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar masasında bir sıra ağlabatan planlar var”.

APA-nın “armenpress.am”a istinadən verdiyi məlumata görə, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland deyib.

“Ola bilsin ki, bu planlar yekun deyil, amma onlar hazırda dövriyyədədir. Bu isə o deməkdir ki, onlar ətrafında danışıqlar davam etməlidir”, – deyə həmsədr söyləyib.

R.Hoqland bildirib ki, münaqişə tərəflərinin rəhbərləri siyasi iradə nümayiş etdirərək danışıqlar masasına qayıtmalıdır. “Lavrov planı”na dair sualına cavablandıran diplomatın sözlərinə görə, vasitəçilər bu ifadədən istifadə etmir: “Biz belə ifadə işlətmirik. Dövriyyədə olan plan var və o, 3 hissədən ibarətdir. Lakin hazırda mən bu planın detallarını açıqlamağı məqsədəuyğun hesab etmirəm. Tərəflər onun üzərində işləyir”.