Trend-in məlumatına görə, bunu Bakıda davam edən I Beynəlxalq Su Həftəsi çərçivəsində keçirilən “Su ehtiyatları, hidrotexniki qurğular və ətraf mühit” mövzusunda beynəlxalq elmi-praktiki konfrans zamanı “Azərsu”nun sədri Qorxmaz Hüseynov deyib.
O bildirib ki, Azərbaycan su ehtiyatlarının, ətraf mühitin və ekologiyanın idarə olunması və mühafizəsi ilə bağlı bir sıra konvensiyalara qoşulb: “Lakin təəssüflər olsun ki, beynəlxalq təşkilatların bu sahədə apardığı işlərə baxmayaraq, Ermənistan beynəlxalq hüquq normalarını kobud şəkildə pozur. Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərində qalan Sərsəng su anbarı tərk edilmiş vəziyyətdədir və onun resursları siyasi təhdid aləti qismində istifadə olunur”.
Q.Hüseynov qeyd edib ki, Ermənistanın fəaliyyəti Azərbaycan vətəndaşları üçün humanitar və ekoloji problemlər yaradır: “Beynəlxalq təşkilatlar Ermənistandan işğal olunmuş əraziləri azad etməsini və Sərsəng su anbarının resurslarını siyasi təhdid aləti olaraq istifadə etməyi dayandırmasını tələb edir. Bundan başqa, Ermənistanın istismar müddəti çoxdan başa çatmış Metsamor atom elektrik stansiyası regionun ekoloji stabilliyinə böyük təhlükə törədir”.