MƏKTƏBDƏ QIZI ZORLAYIB VİDEOYA ÇƏKDİLƏR! – “İmkanlı ailənin uşaqlarıdır”

0
3

Hətta birinin atası rayonda vəzifədədir, polisə yüksək miqdarda pul təklif etdiyi bildirilir

Beyləqanda orta məktəb şagirdi 17 yaşlı A.Z.-nın oğlan dostu Məlik Hüseynov (ad şərtidir) tərəfindən təcavüzə uğradığı deyilir. M.Hüseynov onu bir müddət öncə çəkdirdikləri səmimi fotolarla hədələyib. A.Z.-nı əvvəlcə özü, sonra da istəmədiyi digər insanlarla münasibətə girməyə məcbur etdiyi bildirilir.

“Xahiş edirəm silin, nə olar silin”

Meydan TV-yə bu barədə adının açıqlanmasını istəməyən mənbə məlumat verib. Mənbə A.Z.-nın təhdid edildiyi videogörüntüləri də göndərib.
Görüntüdə qız istəmədiyi cinsi münasibətə məcbur edilir. Görüntünün sinif otağında çəkildiyi aşkardır. Otaqda partalar, divarda lövhələr var. Hətta bəzi adlar da səslənir. Qız “xahiş edirəm silin, nə olar, silin”, – deyə yalvarır: “Başınıza dönüm, silin, etməyin”, – deyir.

get_img (2)

“İşi ört-basdır etməyə çalışırlar”

Mənbə yerli polis bölməsinin vəziyyətdən xəbərdar olduğunu söyləyir: “Olayla bağlı rayon polis şöbəsində cinayət işi açılıb. Bir nəfər həbs edilib, digəri azadlıqdadır”.

Əlavə edir ki, qızı zorlayan və hadisəni lentə alan iki nəfərin ailəsi imkanlı olduqlarından işi ört-basdır etməyə çalışırlar:
“Qızgilin ailəsi çox kasıbdır. Digər ailələr isə imkanlıdır. Hətta birinin atası rayonda vəzifədədir. Eşitdiyimə görə, polisə yüksək miqdarda pul təklif ediblər. İşi bağlamaq istəyirlər”.

“Olay asanlıqla üstü örtüləcək bir şey deyil”

Meydan TV məsələyə münasibət öyrənmək üçün A.Z.,nın ailəsi ilə əlaqə saxlayıb. Yaxınları belə bir olayın olduğunu təsdiqləyiblər. Sadəcə, bu barədə danışmaq istəmirlər:
“Danışmaq çox çətindir. Hazırda ailə kənddən çıxıb, şəhərə gediblər. Məsələ çox böyüsə, onları hazırda qaldıqları yerdən də çıxaracaqlar. Olay elə asanlıqla üstü örtüləcək bir şey deyil. Günahkarlar cəzalarını çəkəcəklər. Sadəcə siz çox getməyin üstünə, şişməsin, böyüməsin. Xahiş edirəm, çox qurdalamayın”.

Ana və atası qızdan imtina edib?

Ailəni yaxından tanıyan rayon sakinləri isə Meydan TV-yə onların heç yerə köçmədiklərini, evlərində olduqlarını söyləyiblər:
“Bir xeyli adam xəbərdardı olaydan. Onlar heç yerə köçməyiblər. Deyilənə görə, ana və atası qızdan imtina edib. Qız məktəbin 11-ci sinfində oxuyurdu. Məktəbə getmir daha. Oğlanlar isə şagird deyil, məktəbi bitiriblər. Onlardan birini həbs ediblər, digəri isə qaçıb. Hazırda polis tərəfindən axtarışdadır”.

“Zorlama hadisəsindən söz gedə bilməz”

Beyləqan rayon təhsil şöbəsinin müdiri Xuraman Rüstəmova.

Beyləqan rayon təhsil şöbəsinin müdiri Xuraman Rüstəmova.

Beyləqan rayon təhsil şöbəsinin müdiri Xuraman Rüstəmova Meydan TV-yə uzun müddətdir həmin məktəbin direktorunun olmadığını deyib. Onun sözlərinə görə, direktor təqaüd yaşına çatdığı üçün işdən çıxıb. Məktəbi dərs hissə müdiri idarə edir:
“Bu olaydan sonra o da işdən çıxarıldı. Şagirdlərin hər ikisi (qız və oğlan) məktəbdən qovulub. Sinif rəhbəri vəzifəsindən kənarlaşdırılıb, töhmət alıb. Qız 11-ci sinif şagirdi olub. Heç bir zorlama hadisəsindən söz gedə bilməz. Bir oğlanla, bir qız sinifdə mehriban şəkildə qucaqlaşıb oturublar. Burada artıq-əskik nəsə yoxdur”.

Xuraman Rüstəmova səmimi qucaqlaşmaya görə şagirdlərin niyə məktəbdən qovulmasına aydınlıq gətirməyib.

“Uşaq birliyinə, psixoloqa şiddətli töhmət vermişik”

Təhsil şöbəsinin müdiri deyir ki, videonu görməyib, sadəcə bu barədə məlumat alıb. Verilən məlumatda isə artıq-əskik heç nə olmayıb: “Araşdırma apardıq. İşdən azad olunanlardan savayı, uşaq birliyinə, psixoloqa şiddətli töhmət vermişik. Biz orada 3 gün olduq. Nə lazımdır etmişik. Video necə yayılıb bilmirəm, biz görməmişik. Təkcə onu bilirəm ki, orada bir qız və bir oğlandan başqa kimsə olmayıb. Videonu görmüsünüzsə, siz məndən yaxşı bilirsiniz. Bizə üstüörtülü çatdırılıb. Bu hadisəni pisləyirik və nə lazımdır cəza tədbiri görmüşük”.

“Polis şöbəsinə gəlin, informasiya verək”

Təhsil Nazirliyindən isə məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Meydan TV olayla bağlı Beyləqan Rayon Polis Şöbəsi ilə əlaqə saxlayıb, araşdırmanın nə yerdə olduğunu soruşub. Polis şöbəsindən “məlumat almaq istəyirinizsə, idarəyə yaxınlaşın”, – deyiblər: – “Sizə başqa cür informasiya verə bilmərik. Yalnız idarəyə gəlməlisiniz”.
Daha sonrakı zəngimizdə isə növbətçi hissədən bildiriblər ki, həmin məktəbdə zorlama hadisəsi olmayıb, polisdə belə bir məlumat yoxdur:
“Nə bizə belə bir məlumat daxil olub, nə də zorlama hadisəsi var. Oxşar bir hadisə olub. Onunla bağlı da bir nəfəri tutmuşuq, içəridədir. İçəridəki şəxslə bağlı isə məlumat verə bilmərəm. Gəlin, şöbənin rəhbərliyi ilə danışın. Daha ətraflı Daxili İşlər Nazirliyi ilə əlaqə saxlayın. Mən sadəcə növbətçiyəm, mətbuat xidməti deyiləm. Şöbənin rəhbərliyi, rəisi, müavini var. Nə lazımdırsa, gəlin, onlardan soruşun”.

“Bizə zorlama ilə bağlı məlumat daxil olmayıb”

Daha sonra növbətçi polis məktəblə bağlı bir hadisə olduğunu, həmin işin hazırda məhkəməyə getdiyini söyləyib:
“O iş polisdə deyil artıq. Ümumilikdə isə mən ərizə qəbul edirəm, şikayətlərə baxıram, bizə zorlama ilə bağlı məlumat daxil olmayıb”.

Bəs erkən yaşlarında videosu yayılmış, ailə tərəfindən imtina edildiyi deyilən qızın sonrakı taleyi necə olacaq?

Nə Rayon Təhsil Şöbəsi, nə də yaxınları bu haqda düşünmədiklərini deyirlər. “Hazırda əsas məsələ olayı ört-basdır etmək, unudulmasına çalışmaqdır”, – xəbəri verən mənbə deyir.

“Zərərçəkmişin başına gələnləri danışması önəmlidir”

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyir ki, bu durumda zərərçəkmişin başına gələnləri danışması önəmlidir:

''Təmiz Dünya'' Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova.

”Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova.

“Ola bilsin orada elə detallar var ki, o, tamamilə başqa cinayət əməli ilə bağlı cəzaya gətirib çıxaracaq. Əgər şəxsi cinsi xidmətə məcbur edib pul alıblarsa, bu, artıq insan alveri kimi qiymətləndirilə də bilər.
Bundan əlavə, həmin qıza ilk növbdə tibbi və psixoloji dəstək lazımdır. Baş verən hadisədə müdaxilə proqramının ilkin yardımı olmalıdır. Uşağın hər hansı cinsi yolla keçirilən xəstəliyə yoluxub-yoluxmadığı aşkarlanmalıdır. İkinci, psixoloji dəstək və hüquqi yadım mütləqdir”.

“Bütün bunlardan əlavə uşağın təhsilini davam etdirməsinə kömək etmək lazımdır. Onun başqa mühitə keçirilməsi önəmli şərtdir”, – deyir Mehriban Zeynalova:
“Bir də ailə ilə iş çox vacibdir. Bu olayda ailənin dəstəyi olmazsa, o uşağın həyatı və psixoloji durumu təhlükədə olacaq”.