FED dollarla bağlı qərarını 4 gündən sonra verəcək

0
3
ABŞ Federal Ehtiyat Sisteminin (FED) mart ayının 14-15-də keçirəcəyi iclasda uçot dərəcəsini artırıb-artırmaması ilə bağlı qərarı martın 10-da müəyyənləşəcək.

“Report” xəbər verir ki, martın 10-da ABŞ-da işsizlik və yeni iş yerləri ilə bağlı göstəricilər açıqlanacaq. Göstəricilərdə kəskin mənfi trend müşahidə olunmasa, FED-in uçot dərəcəsini artıracağı dəqiqləşəcək. Belə ki, ABŞ-ın digər əsas iqtisadi göstəriciləri son illərdə olduqca müsbət tendensiya göstərir. İqtisadi artım 8 ildir ardıcıl olaraq davam edir. İşsizlik tədricən azalır, istehlakçı inam indeksi isə 15 illik maksimuna çatıb.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın vergi endirimlərinin tətbiqi və fiskal xərcləri artırması ilə bağlı qərarının isə Konqresdən uğurla keçəcəyi gözlənilir. Məhz buna görə ABŞ-ın əsas fond indeksləri tarixi rekord həddə yüksəlib. İqtisadiyyatda baş verən sürətlənmənin bir qədər yavaşlaması və inflyasiya təzyiqinin qarşısının zamanında alınması məqsədilə FED-in mart iclası daxil olmaqla 2017-ci ildə uçot dərəcəsini 3-4 dəfə – 1,5%-dək artırması proqnozlaşdırılır.