Naxçıvan Konstitusiyası dəyişdirildi:Yaş məhdudiyyəti ləğv edildi -DETALLAR

0
5
Bu gün beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyası keçirilib.

Strateq.az “Naxcivantv.az” saytına istinadən bildirir ki, sessiyada Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi üçün qanun layihəsi müzakirə edilib.

Ali Məclisin Sədri Vasif Talıbov qeyd edib ki, 2016-cı il sentyabrın 26-da keçirilən referendumla Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilib.

Həmin dəyişikliklərə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında da dəyişikliklər edilməsi üçün qanun layihəsi hazırlanıb.Konstitusiyanın Naxçıvan Muxtar Respublikasında vətəndaşların seçki hüququnu tənzimləyən 8-ci maddəsi yeni redaksiyada verilərək adından və mətnindən məhdudlaşdırıcı ifadələr çıxarılıb, maddənin strukturu Konstitusiya normalarına uyğunlaşdırılıb. Konstitusiyaya təklif olunan dəyişikliklərdən biri də gənclərin dövlət quruculuğunun bütün təbəqələrində iştirakına şəraitin yaradılması ilə bağlıdır. Belə ki, Konstitusiyanın 15-ci, 29-cu və 41-ci maddələrinə edilən dəyişikliklərə əsasən 18 yaşı tamam olmuş, seçkilərdə iştirak hüququ olan hər bir şəxs dövlət orqanlarında təmsil oluna biləcəkdir. Təklif olunan dəyişikliklərdə deputatların məsuliyyətinin artırılması məsələsi də öz əksini tapıb. Konstitusiyanın 43-cü maddəsinin III hissəsinə təklif edilən dəyişiklik isə texniki xarakter daşıyır.

“Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanunu oxunub və səsə qoyularaq qəbul edilib.

Bütövlükdə beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyanın gündəliyinə aşağıdakı məsələlər verilib:

1. 2017-ci ildə sosial-iqtisadi inkişaf sahəsində qarşıda duran vəzifələr

2. Naxçıvan Muxtar Respublikasının 2016-cı il dövlət büdcəsinin icrasının təsdiq edilməsi

3. Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi

Gündəlikdə duran birinci məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Asəf Məmmədov çıxış edərək deyib ki, bu gün muxtar respublika sosial-iqtisadi inkişafının yeni dövrünü yaşayır. İqtisadiyyatın bütün sahələri kimi tikinti sektoru da sürətlə inkişaf etməkdədir. 2016-cı il ərzində 14 təhsil müəssisəsi, 4 həkim ambulatoriyası, 9 feldşer-mama məntəqəsi, 29 mədəniyyət obyekti, 13 kənd mərkəzi, 14 xidmət mərkəzi tikilərək və ya yenidən qurularaq istifadəyə verilib, 17 inzibati bina inşa olunub, 61,5 kilometrdən artıq yeni avtomobil yolları salınıb, 3 körpü tikilib, 2 körpü isə yenidən qurulub.

Qeyd olunub ki, 2017-ci ildə Naxçıvan şəhərinin Həsən Əliyev küçəsindəki 2 nömrəli, İstiqlal küçəsindəki 79 nömrəli yaşayış binalarının, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublika Mərkəzi Uşaq Xəstəxanası binasının fasadının üzlənməsi, Qaraxanbəyli kəndində 414 şagird yerlik tam orta məktəb binasının, kənd və xidmət mərkəzi binalarının tikintisi, Şərur rayonunun Ələkli kəndində 216 şagird yerlik tam orta məktəb binasının, kənd musiqi məktəbi və kənd mərkəzi binalarının yenidən qurulması, xidmət mərkəzi binasının tikintisi, Ərəbyengicə kəndində 192 şagird yerlik tam orta məktəbin, kənd və xidmət mərkəzi binalarının, Qarahəsənli kəndində kənd və xidmət mərkəzi binalarının tikintisi və 216 şagird yerlik tam orta məktəb binasının yenidən qurulması, Babək rayonunun Payız kəndində 252 şagird yerlik tam orta məktəb binasının yenidən qurulması, kənd və xidmət mərkəzi binalarının tikintisi, Culfa rayonunun Dizə kəndində 216 şagird yerlik tam orta məktəbin, kənd və xidmət mərkəzi binalarının tikintisi, Ordubad rayonunun Üstüpü kəndində 252 şagird yerlik tam orta məktəbin, kənd mərkəzi, xidmət mərkəzi və həkim ambulatoriyası binalarının tikintisi, Kəngərli rayonunda 48 mənzilli yaşayış binasının tikintisi və muxtar respublika üzrə 80,2 kilometrlik avtomobil yolunun yenidən qurulması nəzərdə tutulub.

Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Elşad Əliyev deyib ki, qəbul olunmuş dövlət proqramları və həyata keçirilən sosial-iqtisadi islahatlar muxtar respublikada aqrar bölmənin inkişafında mühüm rol oynayıb. Əhalini ilboyu kənd təsərrüfatı məhsulları ilə təmin etmək muxtar respublikada aqrar sahədə qarşıda duran əsas vəzifələrdəndir. Hazırda muxtar respublikada ümumi tutumu 14 min 30 ton olan 31 soyuducu anbar və sahəsi 127 min 162 kvadratmetr olan 21 istixana kompleksi, tutumu 27 min ton olan uzunmüddətli taxıl ehtiyatı anbarları, 17 taxıl emalı müəssisəsi, 235 heyvandarlıq, 64 quşçuluq, 102 arıçılıq, 15 balıqçılıq, 72 bağçılıq və üzümçülük təsərrüfatı fəaliyyət göstərir. Ötən dövr ərzində “Naxçıvan Aqrolizinq” ASC-nin xətti ilə 1835 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası gətirilib, onlardan 1506-sı lizinq yolu ilə sahibkarlara verilib. Əkinçilikdə, xüsusilə dənli bitkilərin məhsuldarlığının yüksəldilməsində ən əsas amillərdən biri keyfiyyətli toxum materialı ilə əkin aparılmasıdır. Aqrar sahəyə göstərilən diqqət və qayğının nəticəsidir ki, 2016-cı ildə muxtar respublikada 100 min 768 ton dənli və dənli-paxlalı, 10 min 500 ton dən üçün qarğıdalı, 725 ton dən üçün günəbaxan, 83 min ton tərəvəz, 46 min ton kartof, 38 min ton bostan məhsulları, 52 min ton meyvə, 15 min 600 ton üzüm, 25766 ton ət, 81372 ton süd, 80,5 milyon ədəd yumurta, 1022 ton yun və 1403 ton bal istehsal olunub. Kənd təsərrüfatı sahəsinin dinamik inkişafı ixracın həcminə də müsbət təsir göstərib, nəticədə ötən il muxtar respublika üzrə 99 milyon Amerika Birləşmiş Ştatları dollarından artıq həcmdə kənd təsərrüfatı məhsulları ixrac olunub. Görülmüş işlərin nəticəsidir ki, 2016-cı ildə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 429 milyon 448 min manat olub ki, bu da 2015-ci illə müqayisədə 6,1 faiz çoxdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2017-ci ildə sosial-iqtisadi inkişaf sahəsində qarşıda duran vəzifələr barədə məruzə edib.

Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Səbuhi Məmmədov Naxçıvan Muxtar Respublikasının 2016-cı il dövlət büdcəsinin icrasının təsdiq edilməsi haqqında çıxış edərək deyib ki, Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsinə 2016-cı ildə bütün mənbələr hesabına 69 milyon manat proqnoza qarşı 73 milyon 605 min 636 manat vəsait daxil olub, tapşırıq 106,7 faiz icra olunub. 2016-cı ildə büdcə daxilolmalarının 86,5 faizi vergi orqanları, 9,6 faizi gömrük orqanları tərəfindən, 3,2 faizi büdcə təşkilatlarının ödənişli xidmətlərindən, 0,7 faizi isə digər daxilolmalar vasitəsilə təmin edilib. Büdcə gəlirlərinin icrası mərkəzləşdirilmiş büdcə üzrə 105,1 faiz, Naxçıvan şəhəri üzrə 110,4 faiz, Şərur rayonu üzrə 110 faiz, Babək rayonu üzrə 109,7 faiz, Ordubad rayonu üzrə 110 faiz, Culfa rayonu üzrə 109,4 faiz, Şahbuz rayonu üzrə 108,6 faiz, Kəngərli rayonu üzrə 109,4 faiz, Sədərək rayonu üzrə 110,5 faiz olub. Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin xərcləri 2016-cı ildə 351 milyon 350 min manat dürüst təyinata qarşı 350 milyon 703 min 498 manat və ya 99,8 faiz icra olunub. Maliyyə orqanları 2017-ci ilin dövlət büdcəsinin icrası istiqamətində də bütün tədbirlər vaxtında həyata keçirəcəkdir.

Bununla da beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyası öz işini başa çatdırıb.

ali meclis naxcivan