Dırnaqların, dərinin və saçların vəziyyəti tək onlara olan yaxşı baxımın, bahalı qulluq vasitələrinin istifadəsinin nəticəsi deyil.
Gözəl saç, dəri və dırnaqlar insanın ümumi sağlamlığının göstəricisidir. Bir çox hallarda onların vəziyyətinin pisləşməsi orqanizmdə olan çox ciddi pozulmaların simptomu ola bilər.
Bəzən insan dırnaqların kövrək olmasını, ovulmasını müşahidə edir. Buna ciddi yanaşmaq və həkimin müayinəsindən keçmək lazımdır. Bəli, bəzən bunun səbəbi ucuz dırnaq boyaları, dırnaqların tez-tez uzadılması, kimyəvi təmizlik vasitələri, soyuq havanın təsiri və s. ola bilər. Lakin daha ciddi səbəbləri də istisna etmək olmaz. Bu səbəblər arasında:
1. Göbələk infeksiyası. Ən yayılmış səbəblərdən biridir. Bu infeksiyanı mütləq müalicə etmək lazımdır. Əks halda bu dırnağın dağılmasına, digər infeksiyaların inkişafına səbəb ola bilər.
2. Düzgün olmayan qidalanma, vitamin-mineral çatışmazlığı. Qidalanmada zülalların (əsas mənbələr – ət və süd məhsulları ), A, C, B qrupu, D vitaminlərinin, bir çox mineralların (kalsium, kremnium, sink, mis, selen və s.) çatışmazlığı dırnaqların sağlamlığına mənfi təsir edir, dırnaqları zəif, kövrək və ovulan edir.
3. Anemiya (qanazlığı) zamanı da dırnaqların vəziyyəti pisləşir – dırnaqlar gec uzanır, onların rəngi solğun olur, üzərində zolaqlar əmələ gəlir, dırnaqlar ovulur.
4. Qalxanvari vəzinin ifraz etdiyi hormonlar orqanizmin demək olar bütün orqan və sistemlərinə təsir edir. Bu səbəbdən qalxanvari vəzinin fəaliyyətində pozulmalar inkişaf etdikdə bu bütün orqanizmi “sıradan çıxardır”. Hormonların ifrazının azalması o cümlədən dırnaqların vəziyyətinə də təsir edir. Dırnaqlar tutqun, kövrək olur, ovulur. Digər simptomlar arasında – bədən çəkisinin “səbəbsiz” artması, soyuğa davamsızlıq, zəiflik və yorğunluq, yaddaşın və zehinin zəifləməsi, qəbizlik və s. Bu hipoteriozun əlamətləridir. Özünüzdə bu simptomları müşahidə edirsinizsə mütləq endokrinoloqa müraciət edin.
5. Şəkərli diabet zamanı da dırnaqlar kövrək və quru olur, laylanır, ovulur.