Ötən ay millət vəkilləri Erdogan-ın prezidentlik ömrünü uzatmağı hədəfləyən Konstitusiya dəyişikliklərini referenduma çıxarmaq məsələsində bir-biriylə söz savaşına çıxanda Təhsil Nazirliyi yeni təhsil ili üçün kurrikulum layihəsini təqdim etdi.
Bəzi dəyişikliklər ziyansız görünür, məsələn, uşaqlar Eynşten (Einstein) və Nyutonla (Newton) bərabər türk və müsəlman alimləri barədə də öyrənəcək. Ancaq dünyəvi meylli türklər təkamül prosesi və ölkənin qurucuları barədə dərslərin ləğvi planından qəzəbləniblər. Onlar hökuməti təhsili mühafizəkar dini ideoloji istiqamətə yönəltmək istəməkdə ittiham edirlər.
“Atatürkü silmək istəyirlər”
“Egitim Sen” müəllimlər birliyi hökumətin siyasətini tez-tez tənqid edirlər. Qurum narahatdır ki, kurrikulum layihəsi sünni İslam və “türklük” vurğusu altında “dini və millətçi” baxışlara yol aça bilər.
Bu ərəfədə ölkənin ən böyük ana müxalifət partiyası CHP-dən millət vəkilləri hesab edirlər ki, bu yeni təhsil tədris layihəsi ilə Türkiyə respublikanın qurucusu, sabiq prezident Mustafa Kemal Atatürkü “silmək” istəyirlər. Təhsil Nazirliyi istəyir ki, Atatürk və onun varisi İsmet İnönlə bağlı dərsləri ləğv eləsin.
“Dini tədris Avropa standartlarına uyğun olacaq”
Nazirliyin rəsmisi Yusif Tekin bildirib ki, yeni kurikulumun məqsədi “milli dəyərləri müdafiə etməkdir”. Bundan əlavə, nazirlik söz verib ki, din İnsan Haqları Avropa Məhkəməsinin tövsiyələrinə uyğun tədris ediləcək.
Nazirlik layihəni fevralın 10-na qədər ictimai müzakirəyə çıxarmışdı. Təhsil naziri İsmet Yilmaz bildirmişdi ki, bütün təkliflərə açıqdırlar və yekun layihədə diqqətçəkən təklifləri də nəzərə alacaqlar. Ancaq bu vəd layihə tənqidçilərini qane etmir. Dünyəvi konstitusiya sistemi tərəfdarları hesab edirlər ki, Erdogan və onun dindar dəstəkçiləri onların həyat tərzinə təhlükə yaradır.
Liberal-mühafizəkar davası: yerlər dəyişib
Türkiyənin dünyəvi-dini çatışması respublika quruluşundan bəri davam edir. Erdogan-ın rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyası 2002-ci ildə hakimiyyətə gələnə qədər ölkədə siyasi tərəflərin taleyi tərsinə idi: 1920-ci ildə qərbyönümlü islahatları başladan Atatürkdən sonra onun tərəfdarları dindarları küncə sıxışdırmışdı.
AKP hakimiyyətinin ilk illərində Erdogan-ın hər iki tərəf arasında körpü saldığı görüntüsü vardı: həm liberallar, həm mühafizəkarlar universitetlərdə hicab qadağasını dəstəkləyirdilər. Ancaq sonradan liberallar və mühafizəkarlar arasında qütbləşmə getdikcə dərinləşdi. Hətta ən yüksək səviyyədə, qadının əsas işinin ana olması vurğulanmağa başladı, spirtli içkilərə məhz dini baxışlar altında vergi faizləri qaldırıldı və dünyəvi türklər özlərini mühasirədə hiss etməyə başladılar.
İmam xətib məktəblərinin sayı 1 milyona çatıb
İlk dəfə deyil ki, təhsil-tədrislə bağlı mübahisələr meydana çıxır. Daha öncə hökumətin gənc qızların məktəbə hicabla getməsinə icazə vermişdi. Erdogan təklif etmişdi ki, məktəblərdə Osmanlı türk dili keçirilsin. 2014-cü ildə bəzi orta məktəblər imam-xətib məktəblərinə çevrilincə, valideynlər küçələrə axışıb etiraz aksiyalarına başladılar.
İmam-xətib məktəbləri 1923-cü ildə yaradılmışdı. Bu gün məktəblərdə milli kurrikuluma dini dərslər də əlavə edilib. AKP hakimiyyətə gələn zaman belə məktəblərin sayı əgər 63 min idisə, indi 1 milyona çatıb. Erdogan “dindar nəsil” yetişdirilməsi ilə bağlı öz arzularını ifadə etməkdən çəkinməyib.
İllərlə Türkiyədə dini baxışlar ictimai həyat tərzində özünü möhkəmlətsə də, milli tədrisə böyük dəyişiklik edilməyib. Ancaq indi dünyəvi baxışlı valideynlər narahatdırlar ki, onların uşaqlarına məktəblərdə cihad konsepsiyası öyrədiləcək.
“Erdogan-dan qəhrəman düzəldirlər”
Ancaq məktəblərdə İslam dininin tədrisi indiki hakimiyyətinin yeganə istəyi deyil, artıq Erdogan şəxsiyyətinin də məktəblərdə təbliği ortaya atılıb. Məsələn, məktəblilər arasında ötən il iyulun 15-də baş tutmayan dövlət çevrilişinin qarşısının alınması Erdogan siyasətinin parlaq təzahürü kimi təbliğ edilməyə başlanıb.
Adının anonim qalmasını istəyən, İstanbuldan olan tarix müəllimi deyir ki, hökumət dövlət çevrilişi əhvalatından Erdogan-ın qəhrəman kimi təqdimatından ötrü faydalanır. O, “politico.eu”nun müxbirin, “dövlət çevrilişi cəhdi”ndə ölənlərin sinifdə divardan asılmış şəkillərini göstərib:
“Bu, tarixi siyasiləşdirməkdir”. Tarix müəllimi əlavə edir ki, hər zaman qəhrəmanlar olub, ancaq indi bu qəhrəman “daha çox Erdogan, daha az Atatürkdür”. (Azadliq.org)