Yas-üzüntü, yoxsa vəsait tapmaq dərdi: Naxçıvan bu problemdən tam xilas olub…

0
9

Rəhimli və Mərhəmətli Allahın adı ilə!

Yaşadığımız ölkənin əhalisinin böyük əksəriyyətini müsəlmanlar təşkil edir. Belə olan təqdirdə, şübhəsiz ki, ölkəmizdə insanlar öz yaşayış tərzlərində, problemlərinin həllində və digər məsələlərdə İslam dininin dəyərlərinə, tarixinə müraciət etməyə məcburdurlar. Məlumdur ki, biz 70 ildən artıq zaman kəsimində Sovet imperiyasının əsarəti altında yaşamışıq. Əhalimizin böyük fədakarlığı nəticəsində bəzi dini dəyərlərimiz, milli adət-ənənələrimiz qorunaraq müasir nəslə olduğu kimi ötürülüb. Belə dini adətlərdən biri də YAS mərasimləridir. Hətta ateist qanunlarla idarə olunan sovetlər dönəmində də respublikamızda YAS mərasimləri İslam qanunları çərçivəsində keçirilib. Bəs müstəqilliyimizin yenidən bərpa olunmasından keçən 26 il ərzində YAS mərasimlərinin keçirilməsində hansı yeniliklər olub? Ümumiyyətlə, hazırkı YAS mərasimlərimiz İslam qayda-qanunları ilə nə dərəcədə uzlaşır?
Araşdırmaq istədiyimiz problem tam İslam dinini əhatə etdiyi üçün, məsələyə ilk öncə İslam fiqhi (qanunvericiliyi – M.Q.) kontekstindən yanaşmalıyıq.
Müqəddəs Qurani–Kərimin “Nisa” surəsinin 78-ci ayəsində Allah-Təala belə buyurur:
“Harada olursunuz olun, hətta uca qalalar içərisində olsanız belə, ölüm sizi haqlayacaqdır!

Haqq-Təala Quranın “Ali-İmran” surəsinin 185-ci ayəsində isə belə buyurur:
“Hər bir canlı ölümü dadacaqdır”.
İstər İlahi dünya görüşünə malik olanların, istərsə də materialistlərin fikirlərində, insanın nə vaxtsa həyatla vidalaşacağı məsələsində heç bir ziddiyyət yoxdur. Sadəcə dindar qisim ölümün yox olub getmək deyil, əksinə, bir həyatdan digər həyata keçmək olduğuna inanır. Mötəbər dəlil kimi Quranın “Əl–Ənkəbut” surəsinin 57-ci ayəsini göstərmək olar:
“Hər bir canlı ölümü dadacaqdır, sonra da hüzurumuza qaytarılacaqdır”.
Məhz bu səbəbdən də insanlar öz doğmalarını əbədi həyata hörmətlə yola salmağa çalışırlar. Hətta əbədi həyatın olmasına inanmayan materialistlər belə ölülərini öz adətlərinə uyğun şəkildə, hörmətlə dəfn edirlər.
Qeyd edək ki, bəşəriyyətin ilk öldürülmüşü olan Habilin cəsədini basdırmağı, qatil qardaşı Qabilə Allah Sübhənəhu və Təala öyrətmişdir. Quranın “Əl–Maidə” surəsinin 30-31-ci ayələrində belə buyrulur:
“Nəfsi Qabili qardaşını öldürməyə sövq etdi, o, Habili öldürdü və bununla da zərər çəkənlərdən oldu. Sonra Allah qardaşının cəsədini necə basdırmağı ona göstərmək üçün, yer eşən bir qarğa göndərdi. Qabil dedi: “Vay halıma! Bu qarğa qədər olub qardaşımın cəsədini də basdıra bilmədim?!” O, artıq peşman olmuşdu”.
Beləcə, Allahın göstərişi ilə ilk cənazə torpaga tapşırıldı. Həyatımızın hər sahəsində ilahi qanunların tətbiqi vacib olduğundan, dünyasını dəyişmiş şəxsin əbədi həyata yola salınması da şəraitə müvafiq olmalıdır. İslam qanunvericiliyinə əsasən, cənazə törəninin vacib və müstəhəb (bəyənilən – M.Q.) hökmləri vardır, bunlardan kənar olanları bidətlər və adətlərdir. Bu hökmlər aşağıdakılardır:
İslamda cənazə üçün vacib buyurulanları etmək kifayətdir
1) Can verəni üzü qibləyə uzatmaq, ona təlqin demək və rahatlanması üçün Quran oxumaq;
2) Meyit qüsulu. Qüsul verilir. I – sidirli suyla; II – kafurlu suyla; III – adi suyla;
3) Kəfənlənmə: parça ilə – fitə, köynək və sərasərlə;
4) Hənutlama: 7 səcdə yerinə kafur sürtmək;
5) Meyit namazı: 5 təkbirlə;
6) Dəfn etmək: Müsəlmanı hörmətlə təmiz və pak bir yerdə torpağa tapşırmaq gərəkdir.
Sadalananlardan əlavə, cənazəyə aid hec bir hökm yoxdur. İslamın ilk dövrlərində, təbliğatın zəif olduğu vaxtlarda vəfat etmiş şəxsin adına məclis təşkil olunurdu, bu məclislərdə dini söhbətlər edilir, eləcə də Qurandan surələr oxunurdu. Analoji məclislər bir növ İslam təbliğatı rolunu oynayırdı. Zaman keçdikcə həmin məclislər adət-ənənə şəklini almış, hətta zəruri norma halına düşmüşdür. Sonradan bu zəruriliklər nəinki dini təbliğat vasitəsi, əksinə yarışma estafetində alət roluna çevrilib.
Hazırda ölkəmizdə YAS mərasimlərinin keçirilməsindəki dəbdəbə yarışması insanların psixikasına elə sirayət edib ki, insan ona üz verən fəlakəti unudur, çəkiləcək yas xərcinin dərdini çəkməyə başlayır. Hətta elələri olur ki, öz doğmasını dəfn edə bilməyib, ölüsünü başqasının üzərinə atır. Ölkəmizin digər bölgələri ilə müqayisədə paytaxt Bakıda YAS-lara çəkilən xərclər daha fantastikdir. Ölünün yerdən götürülməsi; onun yuyulması, məsciddə kəfənlənməsi, çadırın kirayəsi, yas mərasimlərinin keçirilməsində ərzağa çəkilən xərclər, məclisi aparan mollanın haqqı və qəbirüstü abidənin düzəldilməsinə külli miqdarda vəsait tələb olunur ki, bu xərclərin ödənməsi hər bir sadə azərbaycanlının cibinə uyğun deyil.
İsrafçılıq bəyənilən əməl deyil
Müasir Azərbaycan yaslarında iştirak edən insan masada olan maddi nemətlər bolluğundan, çoxçeşitli yeməklərdən, müxtəlif cür şirələrdən özünün YAS atmosferində olduğunu unudur, sanki hansısa bahalı restorana düşdüyünü zənn edir. Bu cür dəbdəbəli YAS mərasimlərinin keçirilməsi israfçılığa dəlalət edir ki, bu da İslamda qətiyyən bəyənilmir.
Allah–Təala Quranın “Əl–Ənam” surəsinin 141-ci ayəsində buyurur:
“Allah israf edənləri sevməz”.
Müqəddəs Quranın digər “Əl–İsra” surəsinin 26, 27, 29-cu ayələrində Allah buyurur:
“Eyni zamanda (mal dövlətini) sağa–sola səpələmə!”
“Həqiqətən (malını) sağa-sola səpələyənlər şeytanların qardaşlarıdır. Şeytan isə rəbbinə qarşı nankordur!”
“Nə əldən çox bərk ol, nə də əlini tamamilə açıb israfçılıq et. Yoxsa həm qınanarsan, həm də peşman olarsan!”
Şübhəsiz ki, ağıllı insan Allahın buyurduqlarına dərindən nəzər salsa, əslində söylənilən kimi yas keçirməklə savab qazanmaq əvəzinə, günah işlədiyini yəqin etmiş olar.
Qəbiristanlıq qiymətləri “od püskürür”…
YAS mərasimlərinin keçirilməsinin kulminasiya nöqtəsi Qəbir yerinin alınması və məzarüstü abidənin düzəldilməsi ilə yekunlaşır. Məlumdur ki, paytaxt qəbiristanlıqlarında qəbir yerini pulsuz əldə etmək qeyri-mümkündür. Qəbiristanlıqların yerlərindən asılı olaraq, qəbir yerinin qiyməti ağlasığmaz məbləğlər arasında dəyişir. Heç kimə sirr deyil ki, külli miqdarda maliyyə vəsaitinin qazanıldığı bu qara biznesin arxasında müəyyən mafioz qruplar durur. Əgər qəbir yerinin alınmasında insan məcburiyyət qarşısında qalaraq çıxılmazlıqdan bunu edirsə, qəbirüstü abidənin qoyulmasında davam edən yarışma yalnız şöhrətdən, hətta bəzi şəxslərin, nəsillərin ölüləri ilə öyünməsi səbəbindən irəli gəlir. Məhz bunun nəticəsidir ki, böyük tələbatı nəzərə alan işbazlar qəbiristanlıqlarda və digər yerlərdə qəbirdaşı sexləri açıb vətəndaşlarımızı talamaqla məşğuldurlar. Çeşidlərinə uyğun olaraq qəbir daşlarının qiymətləri də kasıb vətəndaşlarımızın cibinə uyğun deyil. Araşdırıldıqda məlum olur ki, sözügedən gəlirli sahənin arxasında da nüfuzlu şəxslər, bəzən isə vəzifə sahibləri dururlar.
Qəbiristanlıqlarda, qəbirlərin üzərində məqbərələrin tikilməsi, yaxınlarının dəfn olunduğu yerin ətrafındakı boş yerin digər doğmaları üçün əvvəlcədən sifariş edib külli miqdarda vəsait müqabilində alınması da İslam ənənələrinə tamamilə ziddir. Hətta diri şəxslərin özləri üçün əvvəlcədən başdaşı qoydurması kimi bəyənilməyən əmələ yalnız Azərbaycanda rast gəlmək olar. Valideynlərinin qayğısına sağ olarkən qalmayan, onlar vəfat etdikdən sonra məzarları üstə böyük bir məqbərə inşa etdirən, başdaşının üzərinə anasının və ya atasının ən cavan şəkillərini çəkdirən, ildə bir dəfə dəbdəbəli ehsan təşkil etdirib insanları məqbərə ətrafına “ekskursiyaya” aparan şəxs bu əməli ilə ölülərindən də reklam dividenti götürmək məqsədi güdür.
Allah–Təala Quranın “TƏKASUR” surəsinin 1, 2, 3-cü ayələrində buyurur:
1. “(Ey qafil insanlar!) çoxluq (mal-dövlət, oğul-uşaq və qohum-əqrəba çoxluğu) ilə öyünmək sizi o qədər şirnikləndirdi (başınızı o qədər qatdı) ki, 2. Hətta (məzarlarda yatan ölülərinizi sayıb, onların da çoxluğu ilə fəxr etməyiniz üçün) qəbirləri ziyarət ettiniz ”. 3. Xeyr! (Belə yaramaz) Siz (öləndən sonra bu yaramaz əməllərinizin aqibətini) mütləq biləcəksiniz!”
Göründüyü kimi Azərbaycanda dəbdə olan və insanların bir-biri ilə bəhsə girdiyi, öyündükləri, hətta bu yarışmada ölülərindən də yararlanmaq istəyi UCA Yaradan tərəfindən lənətlənir.
Problemin həllində KİV-lər və dövlət həmrəy olmalıdır…
Heç kimdən yan keçməyəcək, hər bir ailənin rastlaşacağı YAS mərasimlərinin mövcud durumunu İslam şəriətinə necə uyğunlaşdırmaq olar? Ölkəmizdə bu prosesin tənzimlənməsi hansı qurumun üzərinə düşür və cəmiyyətimiz hansı addımları atmalıdır?
Problemin kökündən çözülməsi üçün iş iki istiqamətdə aparılmalıdır.
İlk növbədə cəmiyyətin maarifləməsinə böyük ehtiyac var. Bəllidir ki, insanların psixikasına dərindən hopmuş dəbdəbə, öyünmək stereotipini tədricən yox etmək lazımdır. Sözsüz ki, məqsədə çatmaq üçün KİV-lərin üzərinə böyük yük düşür. Analoji təbliğatın aparılmasında cəmiyyətdə ciddi dini qurumlar kimi tanınan: Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları Ruhani İdarəsi də kənarda qalmamalıdır.
Hüquqi dövlətdə yaşadığımız üçün, ölkəmizdə bütün məsələlər hüquqi qanunlarla tənzimlənir. Qanunvercilik bazasını möhkəmlətməklə effektiv nəticələr əldə etmək mümkündür. Parlamentdə qəbul edilməsi nəzərdə tutulan “Mərasimlər haqqında” qanunda çatışmazlıqlarla mübarizə aparmaq, mərasimlərimizi əyintilərdən xilas etməklə bağlı qanuni tənzimləmə üsulları öz əksini tapmalıdır.
Xatırladaq ki, hazırkı qanunvericilik çərçivəsində də YAS mərasimlərinin keçirilməsini tənzimləmək mümkündür. Örnək layihə kimi Naxçıvan MR-də keçirilən YAS mərasimlərini göstərmək olar. Artıq bir neçə ildir ki, vəzifəsindən, imkanından, sosial statusundan asılı olmayaraq, hər bir şəxs YAS mərasimini eyni şəkildə keçirir. Süfrədə ehsan kimi yalnız çay, limon və xurma verilir. Bu xoş təsir bağışlayan hala mövcud Azərbaycan qanunlarını tətbiq etməklə nail olunub. Naxçıvandakı qayda-qanun YAS və TOY mərasimlərinin tənzimlənməsinin mümkünlüyünə dəlalət edir. Sadəcə, dövlətin bu məsələyə əzmkar müdaxiləsi gərəkdir.
Artıq bir neçə gündür ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 noyabr tarixli Qərarına əsasən mövcud olan məzarlıqlarda dəfn zamanı qəbirlərin milli-dini dəyərlərin tələblərinə və qaydalara uyğun ölçüdə salınması ilə bağlı kopleks tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikasının bütün bölgələrindəki qəbiristanlıqlarda məzarların dəmir çəpərləri vəfat edənlərin yaxınları tərəfindən sökülürək götürülür, ərazilərdə təmizlik və səlqə-sahman yaradılır. Təəssüflər olsun ki, ilkin etapda paytaxtda fəaliyyət göstərən bəzi KİV-lər bu işlərin görülməsinə başqa don geyindirməyə çalışsalar da, sonradan qəbrstanlıqda yaradılan səliqə-səhman, qəbrləri dini qaydalara uyğun şəkilə salınması ilə bağlı görülən işlər hətta hakimiyyətə ən radikal mövqedə dayanan bəzi tanınmış şəxslər tərəfindən belə rəğbətlə qarşılandı.
Xatırladaq ki, TOY ların keçirilməsindəki vəziyyət, israfın həddi YAS-lardan qat-qat pisdir. Mövzu YAS-ları əhatə etdiyi üçün, yalnız bu sahənin problemləri və çatışmazlıqlarından söz açdıq.
Gəlin hamımız bu məsələdə həmrəylik nümayiş etdirib hər birimizin qapısına çağırılmamış qonaq kimi gələcək YAS-larımızın keçirilməsini əyintilərdən xilas edək!
Allahın da bəyənmədiyi hədlər çərçivəsində yarışmaqla, öyünməklə ölülərimizi hörmətdən salmayaq, onlardan reklam ruporu kimi istifadə etməyək!
Problemin həllinə kökündən nail olaq ki, biz də bu dünyadan köçəndə övladlarımız “Öldü, bizi bəlaya saldı” deməsinlər.

Məhəmmədəli QƏRİBLİ

yas

 

qeb

 

qeb1

qeb2

qeb3