Strateq.az bildirir ki, bu sözləri iqtisadçı ekspert İlham Şaban Rusiya prezidenti Putinin imzaladığı “Türk axını” qaz kəməri layihəsi ilə bağlı müqavilənin ratifikasiyası haqqında qanunu “Kaspi”yə şərh edərkən deyib.
Ekspertin sözlərinə görə, Türkiyə əvvəllər Rusiya qazını Transbalkan boru kəməri ilə daha baha alırdı, “Türk axını” istifadəyə veriləndən sonra tranzit ölkələr sıradan çıxacaq və onun əldə edəcəyi qaz daha ucuz başa gələcək. Bu isə ümumilikdə Türkiyə bazarına müxtəlif mənbələrdən daxil olan qaz satıcılarına da təsirsiz ötüşməyəcək.
2019-cu ilin IV rübündə başa çatmalı olacaq layihənin Azərbaycana hansı təsirlərinin ola biləcəyinə gəlincə, ekspert qeyd edib ki, Türkiyə bazarında hər hansı neqativ təsiri proqnoz etmək yanlışlıq olardı. “Ona görə ki, hazırda Rusiya Türkiyə bazarında 26,5-27 milyard kubmetr qaz satır. Bunun 14 milyard kubmetri Transbalkan boru kəməri ilə (Ukrayna və Şərqi Avropa ölkələrindən keçməklə), 12 -12,5 milyard kubmetri isə “Mavi axın” layihəsi ilə türk bazarına daxil olur. “Türk axını” istifadəyə verildikdən sonra 2020-ci ildə Transbalkanla nəql edilən indiki həcmlər onunla axmağa başlayacaq və sonra artaraq 15-15,5 milyard kubmetr civarında stabilləşəcək”.
Ekspertin fikirncə burada ikinci bir amili də nəzərə almaq gərəkdir. Türkiyənin məqsədi öz enerji bazarını diversifikasiya etməkdir, yəni Rusiya qazının həcmini yaxın perspektivdə 28-30 milyard kubmetrdən çox artırmaq planı yoxdur: “O ki qaldı Avropa bazarına, burada vəziyyət ruslar üçün hələ dumanlıdır. Çünki kommersiyadan daha çox, hazırkı şəraitdə Avropa Komissiyası ilə Rusiya arasındakı siyasi məsələlərin çözülməsinə bağlıdır. Azərbaycanın üstünlükləri çoxdur və yeganə məsələ enerji daşıyıcılarının Avropa bazarında qiyməti məsələsidir ki, bu da ümumi bir tendensiyadır. Yəni burada Rusiya bir amil kimi çıxış edir, diktəedici söz sahibi deyil”.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin “Türk axını” qaz kəməri layihəsi ilə bağlı müqavilənin ratifikasiyası haqqında qanun imzalayıb. Bu layihə Rusiya qazını Türkiyəyə, 2019-cu ildən sonra isə Avropa Birliyi ölkələrinə çatdırmağı nəzərdə tutur.
Layihənin əsas hissəsi Qara dənizin dibi ilə çəkiləcək 2 boru kəmərindən ibarət olacaq. Onların ümumi buraxıcılıq gücü 31,5 milyard kubmetr təşkil edəcək. Hələlik yalnız 15,75 milyard kubmetr qazın Türkiyənin daxili bazarına yönəlməsi ilə bağlı ikitərəfli kommersiya sazişi var.