Yeni binalarda yanğının səbəbi nədir?

0
5

Ötən günlərdə Xətai rayonunda yerləşən yeni tikilmiş binalardan birində növbəti yanğın hadisəsi baş vermişdi. İlqar Zülfüqarov 29/42 ünvanında yerləşən “göydələn”in yüksək gərginlikli elektirik xətlərinin yanması nəticəsində 5 sakin zəhərlənmiş, 30-u isə təxliyyə edilmişdi. Hazırda binada elektirik olmadığından sakinlər qohumlarının evlərində gecələməyə məcbur qalıblar.

Bina 4 il öncə istifadəyə verilsədə, təəssüf ki, sakinlər qaz üzünə həsrətdi. Hansı səbəbdənsə binaya qaz xətti çəkilməyib. Elə elektirik kabellərinin tez-tez yanması bu səbəbdən qaynaqlanır. Hədsiz yüklənən kabel gərginliyə davam gətirmir, nəticədə yanğın baş verir. “Ulduz” MMT-nin inşa etdiyi həmin binanın sakinləri hər ay 200-500 manat elektirik pulu ödəmək məcburiyyətindədirlər ki, səbəbi binaya qazın çəkilməməsidir.

Sakinlərin Milletim.info-ya bildirdiyinə görə, “Ulduz” MMT-nin rəhbərliyi qaz çəkilişi üçün hər mənzildən 400 manat pul istəyir. Bu isə əksər sakinin etirazına səbəb olur və ya əksəriyyətinin imkanı xaricindədir. Binaya hazırda Azad adlı şəxs nəzarət etsədə, “Ulduz” MMT-nin əsas rəhbərləri- Elnur və Bəxtiyar adlı şəxslərin Dubay və Türkiyədə olduqları deyilir.

Aldığımız məlumata görə həmin şəxslər artıq bizneslərinin xaricə daşıyıblar. Onları sakinlərə yaratdıqları problemlər demək olar ki, ilgiləndirmir. Üstəlik də heç bir günahları olmayan insanlara vurulmuş maddi zərər… Axı, nə üçün, sakinlərin elektirikə çəkdikləri xərc hər ay 200-500 manat civarında olmalıdır? Sakinlərin söylədiyinə görə adı çəkilən tikinti şirkətinin rəhbərliyi keçmiş MTN-nin məsullarıyla isti münasibətdə olduqlarından kimsəni saya saymır, “başınız hara bərkdir, ora vurun”, deyirdilər. Təəssüf  ki, MTN-nin ləğvindən sonra da bina sakinlərinin problemləri həllini tapmayıb. Şikayətləri hər yerdə qulaqardına vurulub. Millətim.info-ya müraciət etmələrinin səbəbi isə dərdlərini yuxarı instansiyalara çatdırmaqdır. Elə biz də buna ümid bəsləyirik.

 

Nicat

P.S. Yazıda adları çəkilən şəxslərin mövqeyini verməyə hazırıq.