«The Economist Intelligence Unit» beynəlxalq təşkilatı 2016-cı ilin demokratiya indeksini açıqlayıb.
Yeni sənəd dünya ölkələrinin, az qala, yarısının demokratik hesab edilə biləcəyini, amma «tam demokratik» ölkələrin sayının azaldığını – 20-dən (2015) 19-a (2016) düşdüyünü göstərir. Hətta Birləşmiş Ştatlar «tam demokratik» ölkələr sırasından çıxıb, «qüsurlu demokratik ölkələr»in siyahısına düşüb. Sənədin müəllifləri bunu ABŞ-da hökumətə və seçki rəsmilərinə etimadın azalmasıyla bağlayırlar. (Azadlıq radiosu)
Azərbaycan demokratiyanın səviyyəsinə görə 165 ölkə arasında 148-ci yeri tutur, Zimbabve (140), Qambiya (143), Cibuti (145) kimi Afrika ölkələrindən, Bəhreyn (146), Birləşmiş Ərəb Əmirliklərindən (147) sonra gəlir. Azərbaycandan sonra Əfqanıstanın, Afrikanın Burundi və Sudan respublikalarının və s. adı çəkilir. Qafqaz ölkələrindən Gürcüstan demokratiyanın dərəcəsinə görə 78, Ermənistan 120-ci yeri tutub. Türkiyə 97, Rusiya 134, İran 154-cü yerdədir.
«The Economist Intelligence Unit»in demokratiya indeksi 5 əsas amilə – seçki prosesi və plüralizm, mülki azadlıqlar, hökumətin funksionallığı, siyasi iştirak və siyasi mədəniyyətə görə müəyyən edilir. Ölkələr 4 əsas qrupa – «tam demokratik», «qüsurlu demokratik», «hibrid» və «avtoritar rejimlər»ə ayrılır.
Builki demokratiya indeksində 165 ölkəylə yanaşı, iki ərazidəki rejim qiymətləndirilib. Hesabatın dünya ölkələrinin əksərini əhatə etdiyi bildirilir. Bütün dünyada durumun pisləşdiyi, 72 ölkədə demokratiya baxımından geriləmə, 32 ölkədə irəliləyişin müşahidə olunduğu deyilir. Geriləmə ən çox Şərqi Avropa ölkələrində qeydə alınıb.
Demokratiyanın səviyyəsinə görə birinci yerləri tutanlar Norveç, İslandiya, İsveç, Yeni Zelandiya, Danimarkadır. Sonuncu – 167-ci yerdə Şimali Koreya dayanır.