Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib ki, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi qaydaları təsdiqlənib və işlər həmin qaydalar əsasında icra ediləcək.
Qaydalardan birində nəzərdə tutulub ki, adına ev sənədi olan məcburi köçkünlərin də aylıq müavinəti kəsilir. Əhali arasında belə məlumat yayılıb ki, dövlət tərəfindən məcburi köçkünlər üçün salınmış qəsəbələrdə mənzil sahibi olan məcburi köçkünlərin də aylıq müavinətləri ödənilməyəcək.
Məsələ ilə bağlı Komitədən Lent.az-a bildirilib ki, aylıq müavinətin kəsilməsi həmin məcburi köçkünlərə şamil edilmir: ” Həmin mənzillər o məcburi köçkünlərin tam mülkiyyətinə verilmir. Mənzillər onlar üçün müvəqqəti yaşayış sahəsi kimi nəzərdə tutulduğundan aylıq müavinətləri ödəniləcək”.