Bakının Nizami rayonu ərazisində yerləşən 1 saylı cəzaçəkmə müəssisəsində məhbusların bahalığa etiraz etməsi haqda məlumatlar yayılıb. Həmin məlumatlara görə, müəssisədaxili mağazada qiymətlərin qaldırılması məhbusların ciddi narazılığına səbəb olub.
Məhbuslar toplaşaraq qiymətlərin bahalaşmasına etiraz ediblər. Bundan sonra müəssisəyə qoşun yeridilib və etiraza qalxan məhbuslara zor tətbiq edilib. Bu yolla etirazın qarşısı alınıb.
Adının çəkilməsini istəməyən məhbus yaxınlarından biri AzadlıqRadiosuna deyib ki, yanvarın 22-də məhbus qohumu görüş üçün müəssisəyə gedib və müəssisə qarşısında qoşun görüb: “Qohumlarımız 1 saylı cəzaçəkmə müəssisəsinə görüşə gedib. Heç kimə görüş verməyiblər, hamını qovub çıxardıblar. Səbəbi də həbsxanaya qoşun yeridilməsi olub”.
Onun sözlərinə görə, cəzaçəkmə müəssisəsindəki məhbuslar döyülürmüş: “Dustaqların səsi, qışqırtısı çölə gəlirmiş”. Başqa bir məhbus yaxını deyib ki, yanvarın 22-də günorta 1 saylı həbsxanadakı məhbuslardan birinə baş çəkməyə gedib: “Birdən qara maskalılar, əsgərlər doluşdular 1 saylı həbsxanaya. Hamımızı çölə çıxardılar. Bu həbsxanada məhbuslar bahalığa etiraz ediblər və buna görə Daxili Qoşun əsgərləri və qara maskalılar yeridilib. Məhbusları döyüblər, hətta ”dubinka”larda qan izləri görən olub. Bir qrup məhbusu da qara maskalılar maşınlara doldurub harasa apardılar. Biz indi burda dayanmışıq, vəziyyət bir qədər sakitləşib. Məhbuslar deyir ki, içəridə çox bahalıqdır. Məsələn, çöldə 1 manat 10 qəpik olan siqaret içəridə 1 manat 80 qəpikdir. Bundan başqa, həbsxananın yeməkxanasında “perlovı”dan başqa heç nə verilmir. Buna etiraz ediblər, onların etirazına da belə zorla cavab verilib”.
Penitensiar Xidmət İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov deyib ki, 1 saylı müəssisədə belə bir hadisə olmayıb: “Ora nə qoşun yeridilib, nə də məhkumlar döyülüb. Daxili nizam qaydalarına uyğun müəssisədə fəaliyyət davam edir. Deyilənlər yalandır”.
Ombudsman Aparatı mətbuatda yayılan bu məlumatlara münasibət bildirib. Ombudsman Aparatının şöbə müdiri, Milli Preventiv Qrupun rəhbəri Rəşid Rumzadə APA-nın sorğusuna cavab olaraq bildirib ki, yayılan xəbərlərdən məlumatlıdırlar və hazırda araşdırma aparılır. “Araşdırmanın nəticələri barədə yaxın günlərdə ictimaiyyətə əlavə məlumat veriləcək” deyə, o qeyd edib.
1 saylı cəzaçəkmə müəssisəsi ciddi rejimlidir. Nizami rayonunda, Böyük Şor qəsəbəsində yerləşir. Yerli mediada bir neçə dəfə burda məhbusların döyülməsi xəbərləri yayılıb. Penitensiar Xidmət bir qayda olaraq bu xəbərləri təkzib edib. Azərbaycandakı cəzaçəkmə yerlərində ərzağın bir neçə dəfə baha satılmasıyla bağlı yerli hüquq müdafiəçiləri də daha öncə məlumat yayıblar. Cəzasını çəkib çıxan keçmiş məhbuslar da həbsxanalardakı bahalığın adi hal olduğunu deyir. musavat.com