Bəşər Əsədin elçiləri və Suriya müxalifəti Astanaya gəlib –Danışıqlar başlanır

0
8
Suriya müxalifəti və Dəməşq hökumətinin nümayəndə heyətləri Suriyaya dair son bir il ərzində ilk dəfə olaraq üz-üzrə görüşəcəkləri sülh danışıqlarından bir gün öncə bazar gün Qazaxıstan paytaxtına gəlib.

Rusiya mediasının verdiyi məlumata görə, danışıqların təşkilatçıları olan Rusiya, Türkiyə və İran nümayəndələri arasında bazar günü görüş keçirilib. Rusiya və İran Suriya prezidenti Bəşər Əsəd hökumətinin hərbi qüvvələrini dəstəklədiyi halda, Türkiyə və Birləşmiş Ştatlar onun hakimiyyətdən salınması uğrunda mübarizə aparan üsyançıları dəstəkləyir.

Astana danışıqlarının diqqət mərkəzində dekabr ayında Rusiya, Türkiyə və İranın vasitəçiliyi ilə əldə edilmiş və ümumən riayət olunan atəşkəsin ölkə boyu möhkəmləndirilməsinə nail olmaq məsələsinin olacağı gözlənilir.

Bütün tərəflər, o cümlədən, Birləşmiş Ştatların başçılığı ilə koalisiya Suriyanın daxilində İŞİD və Əl-Qaidə ilə əlaqəsi olan terror qruplarını hədəf aldığını bildirir. Atəşkəs rejimi danışıqlara dəvət edilməyən bu qruplara şamil edilmir. Lakin Suriya hökuməti və onun tərəfdarları olan Rusiya və İran eyni zamanda Əsəd hökumətinə qarşı altı ildir mübarizə arapan mötədil üsyançı döyüşçüləri də hədəf alır.

Birləşmiş Ştatlar və BMT-nin vasitəçiliyi ilə əldə edilmiş əvvəlki atəşkəs cəhdləri müharibə aparan tərəflərin bir-birinə atəş açması və bir-birini ittiham etməsinə görə baş tutmamışdır.

BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Steffan de Mistura Astanada bazar ertəsi başlayıb çərşənbə axşamı gününə qədər davam edəcək danışıqlarda iştirak edəcək. Rusiya və Türkiyə ABŞ prezidenti Donald Trampın hakimiyyətə gəlməsindən bir neçə gün öncə danışıqlara Amerika nümayəndə heyətini də dəvət edib. Lakin prezident hakimiyyətinin ötürülməsi kimi xüsusi bir dövrdə Dövlət Departamenti ABŞ-ın Qazaxıstandakı səfiri Corc Krolun danışıqlara qatılacağını bildirib.

Rusiyanın Suriyada hərbi müdaxiləsi ilə əlaqədar fikir ayrılıqlarına baxmayaraq, belə görünür, Kreml ABŞ-ın sülh prosesində iştirakını istəyir.

Fikrimcə, Rusiya Birləşmiş Ştatlarla münasibətlərin yaxşılaşdırılması üçün bir səbəb, daha bir səbəb göstərmək istəyir. Eyni zamanda, Moskva Vaşinqtonun mövcudluğu olmadan danışıqların bu və ya digər şəkildə mürəkkəb olacağını da başa düşür”-deyə Moskvada Karnegi Mərkəzinin təhlilçisi Aleksey Malaşenko bildirib.

Rusiyanın İnterfaks agentliyinin verdiyi məlumata görə, Suriyanın BMT-dəki səfiri Bəşart Cəfərinin başçılıq etdiyi Suriya nümayəndə heyəti Astanada müxalifətlə danışıqlara hazır olduğunu bildirib. Lakin müxalifət sıralarında bəziləri Dəməşqin siyasi həll yolunu yalnız Türkiyə tərəfindən dəstəklənib danışıqlarda iştirak edən müxalifət nümayəndələri ilə müzakirə etməyə hazır olduğu ilə bağlı narahatlıqlarını dilə gətirib.