Obama iki gündən sonra nə işlə məşğul olacaq…

0
5
 Yanvarın 20-də ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimidir. Mərasimdən sonra ölkə prezidenti vəzifəsini daha Barak Obama deyil, D.Tramp icra etməyə başlayacaq. Qərb mətbuatı ölkə tarixinə ilk qaradərili prezident kimi düşmüş B.Obam-nın gələcək planları haqda indiyədək yalnız ehtimalları yazırdı, çünki prezident bu haqda çox danışmırdı. «Chicago Tribune» qəzeti isə prezidentin Ağ evdən sonrakı həyatını artıq yoluna qoyduğunu bildirir.
Qəzet yazır ki, andiçmə mərasimindən sonra B.Obama və xanımı konqres binasını vertolyotla tərk edib, «Andrews» bazasına, hərbçilərin yola salınması mərasiminə gedəcək. Sonra isə prezident tətilə yollanmağa hazırlaşır. Köməkçisi Valerie Jarrett keçən həftə deyib ki, prezidentin fikri Ağ evi tərk edəndən dərhal sonra həyat yoldaşıyla birgə tətilə yollanmaq, yalnız tətildən sonra Obama Mərkəzində ciddi işə başlamaqdır.
B.Obama həyatda olan 5-ci keçmiş ABŞ prezidentdir. Qəzet onların hər birinin Ağ evdən o yana fərqli yollarla getdiyini yazır. Cimmi Karter prezidentlik dövründən sonra bir neçə kitab yazıb, seçkilərin monitorinqiylə, Afrikada xəstəliklərlə mübarizəylə məşğul olub. George H.W.Bush özündən sonrakı prezident Bill Klintonla humanitar məsələlərdə əməkdaşlıq edib. B.Klinton özü isə Ağ evdən sonra dayanmadan mühazirələr oxuyaraq ailə fondunun ehtiyatlarını artırıb, həyat yoldaşının iki seçki kampaniyasında iştirak edib. Corc Buş isə ciddi işlərə baş qoşmayıb, rəssamlıqla məşğuldur.
B.Obama keçmiş prezidentlərdən, deyəsən, ən fəalı olacaq. O, 1921-ci ildən bu yana, yəni Vidro Vilsondan sonra, vəzifəsini başa vurunca da Vaşinqtonda qalacaq ilk prezidentdir. Köməkçilərinin dediyinə görə, B.Obama 2019-cu ilədək –15 yaşlı qızı Saşa yuxarı sinfi bitirənə qədər paytaxtda qalmaq niyyətindədir.
B.Obama Vaşinqtonda Ağ evdən çox da uzaq olmayan Kalorama rayonunda yaşayacaq, evin kirayələnməsiylə bağlı, rəsmi məlumata görə, 5 illik müqavilə imzalanıb. Tutduğu ofis də Ağ evin yaxınlığındadır, B.Obama Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) Vaşinqtondakı qərargahında kirayələdiyi ofisdə işləyəcək. Burada o, köməkçilərinin dediyinə görə, amerikalıların tibbi xidmətdən asanlıqla istifadə edə bilməsi, ölkəyə uşaqkən gəlmiş və bəzi müavinətlərdən məhrum miqrantların haqları uğrunda mübarizə aparacaq, seçkiqabağı fırıldaqlarla bağlı məsələlər üzərində işləyəcək.
Amerika Universitetində Konqres və Prezident Araşdırmaları Mərkəzinin direktoru Ceyms Truber «Chicago Tribune»a müsahibəsində qapıların çoxunun B.Obama-nın üzünə açıq olacağını deyib: «O gəncdir, sağlamdır, ağıllıdır, xarizmatikdir və demokratiyamızın inkişafını istəyir, dünyaya yardım etmək arzusundadır. Görə biləcəyi çox iş var».
Yardımçısı mətbuata bildirib ki, B.Obam-nın əsas məqsədi demokratların gələcək liderlərinin hazırlanmasında yaxından iştirak etmək, demokratların seçki dairələrini genişləndirmək, onların namizədlərini irəli çəkmək yönündə işləməkdir. Digər tərəfdən o, 2021-ci ilə – Cekson Parkda Obama Prezident Mərkəzinin açılışına hazırlaşacaq.
V.Jarrett həmçinin, B.Obamanın yeni prezident D.Trampla açıq əlaqə saxlamaq niyyətində olduğunu söyləyib. B.Obama, eləcə də xanımı Mişel Obamanın xatirə kitabları yazacağı gözlənir. «Amerika Spikerləri Bürosu» Qastrol müqavilələri agentliyi onların adını artıq siyahısına salıb. (“Azadlıq” radiosu)