Ramiz Tağıyev:”Əksəriyyətiniz Eldar Mahmudova quyruq bulayanda, mən, onu və cinayətkar dəstəsini ifşa etdiyimə görəmi məhkum adlanmalıyam?”
Ölkəmizin iqtisadi durumu göz qabağındadır. İşsizlik baş alıb gedir. İnsanlar gündəlik çörək dalınca qaçır. Manatın dəyərdən düşməsi ciddi problemlərə yol açmaqdadır. Siyasi fəaliyyətlə məşgul olanların da qayğısı, ehtiyacları kifayət qədər çoxalıb. Daima optimist əhval-ruhiyyədə gördüyümüz CANP-ın (Canımız Azərbaycan Naminə Partiyası) sədri Ramiz Tağıyevin bu dəfə pessimist əhvalı bizi xeyli təəccübləndirdi.
“Millətim.info”-ya ölkədəki ümumi vəziyyətlə bağlı fikirlərini bildirərkən, o, “belə davam etsə,qışdan çıxmağımız çətin görünür” dedi: “Deyəsən ölkə rəhbərliyinin baş verənlərdən ya xəbəri yoxdu, yada ki, özlərini xəbərsiz kimi göstərirlər. Tanıdıqlarım, hər gün görüşdüyüm insanlar ehtiyac içində boğulmaqdadırlar. Artıq çörək almaq problemi yaşanır. İqtidar isə analoqsuz inkişafdan danışır.Kosmetik işlərlə insanların çörəyə olan ehtiyacını ödəmək mümkündür?!
Gəlin, özümüzü aldatmayaq, Cənablar! Vəziyyət hədsiz pisdi. Mənim üçün isə 20 ildən artıq bir zamanda -xüsusilə ölkənin analoqsuz inkişafı zamanında belə pis olub. “İnkişaf” dan qismətimə düşən pay həbsxanalar olub. 22 ildir həm özüm, həm də doğmalarım işsizlik burulğanına düşmüşük. Nədənsə açılan yüz minlərlə iş yeri bizlərdən yan keçib. Sıralarımız ildən -ilə çoxalmaqdadır. Oğlum artıq 6 aydır əskəri xidmət borcunu ödəyib qayıdıb. Gecə-gündüz iş sorağındadır. Onun kimi onlarla tanıdığım gənc var ki, ümidləri belə ölüb. Bəli, inkar olunmaz faktdır ki, iqtidardakıların bütün problemləri həll olub. Necə deyərlər, yağ-bal içində üzürlər. Üzsünlər, lap belə “boğulsunlar”, ancaq imkan versinlər ki, bizlər də ailəmizə yavan çörək qazana bilək. Bu qədər olmaz axı…
Danışanın, yazanın üstünə ley kimi şıgıyırlar. Nə olub axı? Siz söküb-dağıtmalısınız, biz də susmalıyıq?! Düşünürsüzsə xalqın malını talayıb, dəbdəbəli villalar, otellər, restoranlar tikdirmək analoqsuz “inkişaf”dır, lənət olsun həmin “inkişafa”. Hansı “inkişaf”dan danışılır ki, hələ əl gəzdirilən bir neçə nazirliyin cinayət yuvası olduğu aşkarlanıb. Bunlar sonunculardımı?! İnanın ki, digərlərində vəziyyət fərqli deyil. Adi məmurlar milyonluq villalarda yaşayıb, yüzminlik sükan arxasında əyləşirsə, bu dediklərimin tam təsdiqidir. Bununla belə bəzi nadanlar yalnız danışan, yazan jurnalistləri hədəfə alıblar. Susun deyirlər, biz bundan da sonra bildiyimizi edək… Guya, bankları çökdürən, ölkə iqtisadiyyatını məhv edən jurnalistlərmiş. Barı, susun, üstümüzə hücum çəkməyin! Nələr çəkmədik,hansı əzablara qatlaşmadıq dövlətimizin müstəqilliyi uğrunda?! Budurmu, mükafatımız?! Özümüzə çəkdirdiyiniz bəs deyilmiş kimi, indi də övladlarımıza acılar yaşadırsınız. Onların çalışmaq, Vətənə xidmət hüquqları alınıb əllərindən… Mənim oğluma məhkum övladı kimi baxılır. Nə üçün?! Əksəriyyətiniz Eldar Mahmudova quyruq bulayanda, mən, onu və cinayətkar dəstəsini ifşa etdiyimə görəmi məhkum adlanmalıyam?Bəsdirin, çəkinin bu məmləkətə özəl mülkiyyətiniz kimi baxmaqdan! Bəsdirin, son qoyun oğruları doğruların üstünə gışqırtmaqdan!
Son zamanlar açıq-aydın büruzə verilir ki, bu iqtidar yalnız kiçik bir qrupun maraqlarına xidmət göstərir.Bizlərin taleyi zamanın axarına buraxılıb. Açıq söyləyim, zaman-zaman bu iqtidarın bəzi uğurlu projelərinə dəstək versəmdə, bunların tapdağına, məddahına çevrilmək fikrindən çox uzaq olmuşam. İçimdə bir ədalət hissi gəzdirirəm ki, onu kiməsə, nəyəsə qurban verən deyiləm. Hər kəsi haqqa, ədalətə xidmət etməyə dəvət edirəm. Xilasımız, nicatımız yalnız ədalətli olmaqdan keçir.”
Turan