Əli İnsanovun həbs müddəti artırıldı

0
3

Sabiq səhiyyə naziri Əli İnsanovun həbs müddəti uzadılıb.

Virtualaz.org-un məlumatına görə, Qaradağ Rayon Məhkəməsində Ə.İnsanovun həbs müddətinin artırılması ilə bağlı prokurorluq orqanının təqdimatına baxılıb. Məhkəmənin qərarı ilə Ə.İnsanovun barəsindəki həbs müddəti daha 2 ay artırılıb.

Qeyd edək ki, ötən ilin sentyabr ayında Ə.İnsanov barəsində Cinayət Məcəlləsinin 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2 (Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri üzrə cinayət işi başlanılıb. Ötən il oktyabr ayının 11-də Qaradağ Rayon Məhkəməsində Ə.İnsanovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarılıb.

Onu da qeyd edək ki, Ə.İnsanov 2005-ci ilin oktyabr ayında həbs olunub. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub. 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunmaqla o, 11 il müddətinə azadlıqdan məhrum olunub.