MTN-in daha bir rəisinə cinayət işi açıldı

0
3

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsinin 1-ci şöbəsinin sabiq rəisi Mövam Şıxəliyevin barəsində olan cinayət işi ayrıca icraata götürülüb.

Teleqraf.com  xəbər verir ki, bu barədə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin İbtidai istintaq idarəsinin 2-ci şöbəsinin rəisi Vüsal Ələkbərovun barəsində tərtib edilmiş ittiham aktında qeyd olunub.

Mövam Şıxəliyev Vüsal Ələkbərovla eyni cinayət işi üzrə ittiham edilsə də, sonda istintaq onu Vüsal Ələkbərovun cinayət işi üzrə şahid qismində dindirib.

Mövam Şıxəliyev cinayət işi üzrə istintaq verdiyi ifadəsində göstərib ki, 2004-cü ildən Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsində xidmətə başlayıb.

Onun sözlərinə görə, 2004-2007-ci illərdə həmin baş idarənin 1-ci şöbəsinin rəisi, 2008-ci ildən 27 oktyabr 2015-ci il tarixədək isə rəisi vəzifəsində işləyib:

“Tabeçiliyimdə baş idarənin rəisi müavini Təhsin Ağayev, ibtidai istintaq idarəsinin rəisi, 1-ci şöbənin rəisi Yasin Məmmədov, onun müavini Nadir Mustafayev, 2-ci şöbənin rəisi Vüsal Ələkbərov, onun müavini Vüqar Əliyev, 3-cü şöbənin rəisi Mahir Qasımov, onun müavini Samir Əliyev, şöbələrin mühüm işlər üzrə müstəntiqləri, baş müstəntiqlər və müstəntiqlər olub”.

Mövam Şıxəliyev qeyd edib ki, cinayət işi üzrə zərərçəkmiş Nizami Kazımov istintaq baş idarəsində “Texnikabank” ASC-nin vəzifəli şəxsləri barəsində istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs olub: “Onunla heç bir münasibətim, əlaqəm, düşmənçiliyim və ya ədavətim olmayıb. Onu və qardaşını qəbul etməyimi xatırlamıram, Nizami Kazımovun da mənim qəbulumda olduğunu bilmirəm”.