“Azərbaycanda heç vaxt milli-irqi, etnik-dini ayrı-seçkilik olmayıb” –İlham Əliyev

0
3
Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibəti ilə təbrik edib:

“Hörmətli həmvətənlər! 

Sizi, Azərbaycanın xristian icmasını İsa Peyğəmbərin mübarək mövludu – Milad bayramı münasibətilə ürəkdən təbrik edir, bu əziz gündə hər birinizə ən xoş arzu və diləklərimi yetirirəm.

Xristianlıq Azərbaycanda çox qədim tarixə malikdir. Təsadüfi deyil ki, Qafqazda ilk xristian məbədləri məhz bizim ölkəmizdə təşəkkül tapıb. Səmavi dinlər burada əsrlər boyu dinc yanaşı fəaliyyət göstərərək, insanlar arasında əmin-amanlığın, dostluq və qardaşlıq münasibətlərinin yaranmasında misilsiz tarixi rol oynayıb. Azərbaycanda məskunlaşmış xalqlar və etnoslar arasında heç vaxt milli-irqi ayrı-seçkilik, etnik-dini dözümsüzlük halları mövcud olmayıb.

Müstəqil Azərbaycan Respublikası bu gün də öz tolerantlıq və multikulturalizm ənənələrinə sadiqdir. Dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşları beynəlxalq prinsiplərə əsaslanan hüquq və azadlıqlara, o cümlədən, vicdan və dini etiqad azadlığına malikdir. Ölkəmizdə yaşayan bütün etnik azlıqlara öz dini-mənəvi dəyərlərini, milli adət-ənənələrini qoruyub saxlamaq, dil və mədəniyyətini inkişaf etdirmək üçün bərabər demokratik şərait yaradılıb.

Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, çoxkonfessiyalı və çoxmillətli Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsi olan xristian icması həmişə olduğu kimi, bu gün də, sabah da ölkəmizin tərəqqisi və inkişafı naminə öz vətəndaşlıq borcunu ləyaqətlə yerinə yetirəcək.

Əziz dostlar! 

Şəfqət və mərhəmət duyğularının, təmiz və nəcib idealların rəmzi olan müqəddəs Milad bayramı münasibətilə hamınızı bir daha təbrik edir, hər birinizə cansağlığı və xoşbəxtlik, ailələrinizə firavanlıq arzulayıram.

Bayramınız mübarək olsun!”.