Parisin 8-ci rayonundakı zərgərlik mağazalarının birindən 5,5 milyon avro dəyərində brilyant oğurlanıb.
Azərtac “lefigaro.fr” saytına istinadla bildirir ki, təxminən qırx yaşlarında olan bir şəxs mağazaya daxil olaraq özünü zərgərlik üzrə mütəxəssis kimi təqdim edib və dekabrın 30-na görüş götürüb. Həmin gün zərgər naməlum şəxsə iki ədəd xalis brilyant və iki ədəd brilyant və digər qiymətli daşlarla bəzədilmiş üzük göstərib. Naməlum şəxs mağazadan heç nə almayaraq oranı tərk edib.
Satıcı yalnız günortadan sonra xəbər tutub ki, naməlum şəxs onun göstərdiyi brilyantları və üzükləri saxta nüsxə ilə əvəz edib və orijinal daş-qaşı oğurlayıb. Dəymiş ziyanın məbləği 5,5 milyon avro həcmində qiymətləndirilir.
Paris Polisinin Banditizmə Qarşı Mübarizə Briqadası hadisə ilə bağlı məlumatlandırılıb.