Bu barədə Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsində deyilir.
Sənəddə qeyd edilib ki, bazarda azad rəqabət mühitinin formalaşdırılması və yüksək xüsusi çəkiyə malik iştirakçıların üstün mövqeyinin aradan qaldırılması nəticəsində özəl sektorun bu sahədə güclənməsi investisiya qoyuluşlarının əsas hissəsinin sahibkarlar tərəfindən həyata keçirilməsinə zəmin yaradacaq, bununla da dövlət büdcəsindən infrastruktur layihələrinə ayırmalar azalacaq.
Bundan başqa Sənəddə qeyd olunur ki, dövlət sektoru daxilində, eləcə də dövlət sektoru ilə əlaqələr zamanı yazışmaların tamamilə elektronlaşdırılması və kağız daşıyıcılardan istifadənin aradan qaldırılması məqsədi ilə kağız daşıyıcılarda sənədləşmə tələbinin tədricən ləğv edilməsi ilə bağlı atıla biləcək addımlar təhlil ediləcək. Eyni zamanda, bu dövrdə dövlət və özəl sektor arasında əlaqələrdə internet üzərindən elektron alətlər vasitəsilə göndərilə və ya onlayn doldurula bilən ərizələr, formalar, blanklar, e-qaimələr və hesabatların istifadəsi təşviq ediləcək.