Səbuhi Rəhimlinin 2017-ci il üçün astroloji proqnozları-“Fevraldan başlayaraq məmurların silsilə istefasının şahidi olacağıq”

0
3
Artıq 2016-cı il – Meymun ili bitmək üzrədir. Bəs qarşıdan gələn Xoruz ili dünyaya və ölkəmizə nələr vəd edir?

Bununla bağlı tanınmış astroloq Səbuhi Rəhimli öz proqnozlarını BAKU.WS-ə açıqlayıb:

– Xoruz ili nə zamandan başlayır?

– Od ünsürlü Qırmızı Xoruz ili 2017-ci ilin 28 yanvarında Bakı vaxtilə saat 04:06-da start götürəcək.

– Bu il özündə hansı xüsusiyyətləri daşıyır?

– İlk öncə bildirim ki, bu vaxta qədər heç bir Xoruz ili sakit və sülh şəraitində keçməyib: daima narahatçılıqlar, kütləvi etirazlar, siyasi çaxnaşmalar, məhəlli münaqişələr, çevrilişlər, sui-qəsdlər olub. Bu illərdə yeni-yeni liderlərin pərvəriş tapması, situasiyaların öz məcrasından çıxması, ictimai enerjinin gənclər üzərində cəmləşməsi həmişə labüd olub. Qədim Şərq astrologiyasına əsaslansaq, Xoruz təcavüzkar ildir. Kimdənsə mərhəmət gözləmək, ədalətin qələbə çalacağına inam bəsləmək boş xülyadır. Məqsədə çatmaq üçün bütün cəbhələrdə, sərt şəkildə mübarizə aparmaq lazımdır. Sükanı əldən buraxmaq, yaxud da kiməsə etibar etmək təhlükəli sonluqla bitə bilər. Hər kəs öz hüququnu bilməli, haqqını bütün instansiyalarda tələb etməlidir. Xoruz ilində pul qazanmaq, büdcəni rahat şəraitdə artırmaq olduqca çətindir. Bu dövrdə çoxları karyera zirvəsindən sürətlə aşağı düşür, nəticədə isə bəzən qarşıdurma meylləri də güclənir. Aşağılarla yuxarılar arasında mövcud olan sədd yırtılır. Belə hallar da xaosun meydan sulamasına rəvac verir. Hərbi sahələrdə baş verən neqativ hallar daha qabarıq şəkil alır. Qanunlar lazımi səviyyədə işləmir və ya onlara riayət olunmur. Bu illərdə pul və imkandan daha çox ağıl və analiz üstün olur. Yalnız böyük təcrübə sahibləri, taktikalı və zamanın nəbzini tutanlar qalib gəlir.

– 2017-ci ildə dünya miqyasında və Azərbaycanda hansı hadisələr baş verəcək?

– İlin xarakterinə görə il daha çox təyyarə qəzaları, sui-qəsdlər ilə yadda qalacaq. Bundan başqa, kosmik tədqiqatlarda, eləcə də tibb sahəsində unikal kəşflər meydana çıxacaq.

– Ötən il demişdiniz ki, dollar heç vaxt 1.50 AZN-dən ucuz olmayacaq. 2017-ci il üçün proqnozlarınız nədir? Həmçinin neftin qiyməti ilə bağlı nə deyə bilərsiz?

– Xatırladım ki, budəfəki Xoruz ilinin himayədar planeti Saturndur. Astrologiyada bu kosmik obyekt neft və qazı idarə edir. Bu səbəbdən neft qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyini gözləməməliyik. Hətta aprel-may aylarında və ya sentyabrdan sonra neft satışında nəzərəçarpacaq qədər qiymət artımını müşahidə edə bilərik. Bütün bunlara baxmayaraq Azərbaycanda dolların ucuzlaşacağı gözlənilmir.

– Bu ilin ən uğurlu və uğursuz ayları hansı olacaq?

– Göstəricilər dünyamız üçün yanvar-fevral aylarının uğurlu, iyul-avqust aylarının isə çətin keçəcəyini bildirir.

– Hansı zodiak illər və bürclər üçün 2017-ci il uğurlu olacaq?

– İlin aparıcı bürcləri Oğlaq və Sutökəndir, daha sonra Buğa, Əkizlər, Qız və Tərəzi bürcləridir. Şanslı Zodiak illəri isə Xoruz, Öküz və İlandır.

– Hakimiyyətdə hansısa dəyişikliklər gözlənilir?

– Sosial gərginlik artan xətt üzrə inkişaf etdiyi üçün il ərzində, xüsusən də fevraldan başlayaraq kiçik və orta məmurların silsilə istefasının şahidi olacağıq. Hətta bu siyahıya 5-ə qədər böyük məmurun da adı düşə bilər.

– Bəziləri iddia edir ki, bu il bizim üçün heç də asan olmayacaq, bahalaşma daha da artacaq, ciddi sosial problemlər yaşanacaq. Siz nə deyə bilərsiz?

– Bəzi hallarda doğru deyilir. Çünki 2017-ci ildə dünya gücləri arasında olduqca ciddi qarşıdurma yaranacaq. Bu da iqtisadi böhranın dərinləşməsinə, sosial partlayışlara və ciddi problemlərə yol açacaq. Belə olan halda isə bütün dünyada və dünyanın bir parçası olan Azərbaycanda da fəsadlar yaradacaq. Amma güman etmirəm ki, bu hal ilboyu davam edəcək, astroloji göstəricilər ən böyük gərginliyin ilin ilk yarısında olacağını bildirir. Lazımdır ki, ağıllı başlar problemin sürətli həllinə çalışsınlar.