Azərbaycan XİN-inin Ermənistanın diversiya təxribatı ilə bağlı BƏYANATI

0
3

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun 29 dekabr 2016-cı il tarixində səhər saatlarında Ermənistan-Azərbaycan dövlət sərhədində törətdiyi növbəti təxribatını və qəsdən vəziyyəti gərginləşdirməyə yönəlmiş əməllərini kəskin şəkildə pisləyir.

Bu barədə XİN-in bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, Ermənistan və Azərbaycan prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərində aparılmış müzakirələrə uyğun olaraq, münaqişənin həlli istiqamətində konkret addımlar atmaq və substantiv danışıqlarda iştirak etmək əvəzinə Ermənistan müxtəlif təxribatçı əməlləri ilə danışıqları pozmağa, Azərbaycana qarşı təcavüzünü davam etdirməyə, o cümlədən Azərbaycanın işğal olunmuş ərazilərində öz mövcudluğunu gücləndirməyə, üçüncü tərəfi münaqişəyə cəlb etməyə cəhd göstərərək mövcud status-kvonu saxlamağa çalışır:“Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzünü davam etdirməsi və Ermənistan qoşunlarının Azərbaycanın suveren ərazilərində mövcudluğu regional sülh və təhlükəsizlik üçün başlıca təhdiddir, atəşkəsin pozulmasının və insidentlərin baş verməsinin əsas səbəbidir. Ermənistanın təxribat və təhriki ilə apreldə yaranmış gərginlik bunun bariz nümunəsidir”, – deyə bəyanatda qeyd olunur.

XİN bildirir ki, Azərbaycan Respublikası münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri və Helsinki Yekun Aktı əsasında münaqişənin həll edilməsi, Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalının nəticələrinin aradan qaldırılması, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin təmin edilməsi üçün ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə birlikdə səylərini və substantiv danışıqları davam etdirəcək.