SOCAR:“Qəza baş vermiş magistral qaz kəməri 2 günə bərpa olunacaq”

0
3
 “Bir magistral qaz kəmərinin istismarının dayandırılması respublikanın təbii qaz təchizatında problem yaratmayacaq. Qəza baş vermiş magistral qaz kəmərinin bərpasının isə 2 günə tamamlanması nəzərdə tutulur.

Bu barədə SOCAR-ın Qaz İxrac İdarəsinin rəis müavini Nazim Səmədzadə deyib:“Yanğın baş verən hissə yaşayış məntəqələrindən 800-1000 metr uzaqlıqda yerləşir. Ərazidə heç bir tikili yoxdur, heç kim xəsarət almayıb. Hazırda həm“Şahdəniz” qaz-kondensat yatağından, həm “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarından, həm də “Ümid” yatağından qaz tam şəkildə qəbul olunur və respublika ərazisində paylanması həyata keçirilir”, – deyə N.Səmədzadə əlavə edib.

Qeyd edək ki, dekabrın 27-də saat 9:55-də Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən, diametri 1000 millimetrlik magistral qaz kəmərində yanğın baş vermişdi. Yanğının söndürülməsi məqsədilə həmin xətt lokallaşdırılmış, bu xəttə verilən qaz alternativ qaz kəmərinə ötürülmüşdü. Hadisə yerinə dərhal yanğından mühafizə qüvvə və vasitələri cəlb olunmuşdu. Baş vermiş yanğın Abşeron yarımadasının qazla təchizatında müəyyən məhdudiyyətlər yaratmışdı. Yanğının söndürülməsi və qaz təchizatında yaranmış məhdudiyyətlərin aradan qaldırılması üçün zəruri tədbirlər görülmüşdü.

SOCAR, Fövqəladə Hallar Nazirliyi və “Azərenerji” mütəxəssislərinin birgə səyləri və görülən operativ tədbirlər nəticəsində magistral qaz kəmərində baş vermiş yanğın artıq söndürülüb. Qəza baş vermiş xətdə təmir bərpa işlərinə başlanılıb. Abşeron yarımadasına təbii qazın verilməsi alternativ qaz xətti ilə bərpa olunub.