“Böyrək daşı problemi urologiyanın ən aktual problemidir. Böyrək daşlarının yaranması bir çox faktorlarla bağlıdır”.Bunu APA TV-nin “Öncə sağlıq” proqramında uroloq, tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl deyib.
Mütəxəssis bildirib ki, böyrəklərdə daş yaranmasında həyat tərzinin mühüm rolu var: “Azərbaycanda belə bir təsəvvür var ki, bizdə bu problemin geniş yayılması suyumuzun cod olması ilə bağlıdır. Bu, düzgün yanaşma deyil. Böyrək daşlarının yaranmasının içilən suyun tərkibi ilə heç bir bağlılığı yoxdur. Bəli, daşın əmələ gəlməsinin su ilə bağlılığı var, bu da ondan ibarətdir ki, biz suyu az içirik. Böyrək daşlarına qarşı dünyada ən yaxşı sayılan dərmanın təsir effekti 30-35 faizdir. Amma gündəlik 3 litr su içməyin, daha doğrusu, ifraz edilən sidik miqdarının 2 litrdən çox olmasının daşın qarşısını almaq baxımından 75 faiz təsiri var. Yəni təkcə su içmək daş əmələ gəlmə riskini 75 faiz azaldır”.
Uroloq deyib ki, daş əmələ gəlməsinə səbəb olan amillərdən biri müəyyən tip qidalara daha çox üstünlük verməyimizlə bağlıdır: “Məsələn, biz xörəklə birgə çoxlu çörək yeyirik. Azərbaycanda ən çox daş əmələ gəlməsinə səbəb olan qida ət məhsullarıdır. Biz ət məhsullarından daha çox istifadə edirik və əti ayrıca yeyirik. Məsələn, ətlə birgə göyərti, tərəvəz qəbul etmirik. Yaxşı olar ki, əti tərəvəzlərlə, göyərtilərlə birgə qəbul edək. Bununla yanaşı, yemək yeyə-yeyə su qəbulunun da faydaları var”.
Duzlu qidaların qəbulu barədə danışan həkim qeyd edib ki, çox duz istifadəsi ilə böyrək daşı yaranması arasında əlaqə var: “Duz qanı qatılaşdırır, sidik miqdarını azaldır. Ən azı bununla daş əmələ gəlmə riskini artırır. Ona görə də duzdan maksimum az istifadə olunmalıdır”.
Onun sözlərinə görə, stress, depressiyalar daşların əmələ gəlməsində rol oynayır, bu hallar bədəndə metabolizm sürətini azaldır: “Bir sözlə, yediyimiz qidalardan tutmuş, əhvalımız, düşüncə tərzimiz burada rol oynayır”.
Böyrək daşlarının əmələ gəlməsində genetik faktorun rolu barədə danışan uroloq deyib ki, böyrək daşı əmələ gətirən gen barədə məlumatlar olmasa da, birmənalı olaraq ailədə, nəsildə böyrək daşı problemi olan şəxslərin bu baxımdan risk qrupuna daxil olduqları məlumdur. Həkim qeyd edib ki, burada ailə üzvlərinin həyat tərzinin, qida seçimlərinin bənzər olmasının da böyük rolu var.
V. İsmayıl vurğulayıb ki, böyrək daşları uzun illər heç bir əlamət olmadan qala bilər: “Ümumiyyətlə, daşlar özlüyündə ağrı yaratmır. Bu kimi hallarda uzaqbaşı daş selikli qişanı zədələdiyi üçün sidikdə qan görünə bilər. Daş yalnız ifraz edilən sidiyin qarşısını kəssə, sidiyin ifraz olunmasında problem yaransa, ağrı yaranır. Yəni ağrı o zaman yaranır ki, daş anidən sidiyin qarşısını tutur, böyrək sidiyi boşalda bilmədiyi üçün şişməyə başlayır”.
Onun sözlərinə görə, ən çox ağrı verən kiçik ölçülü daşlardır. Kiçik ölçülü daş daha çox əlamət verib, böyrəyi az zədələyə bilər, amma böyük ölçülü daş ağrısız qalıb, böyrək üçün daha çox fəsad yarada bilər.
Mütəxəssisə görə, böyrək daşlarından azad olmaq üçün ən ideal hal onların əridilib, düşürülməsidir: “Amma elə daşlar var ki, daşları əritmək mümkün olmur. Təbii ki, daş kiçikdirsə, biz onları dərmanla düşürməyə çalışırıq. Daş düşmədiyi hallarda kənardan qırma metodu ilə qırmağa çalışırıq. Zərbə dalğaları nəticəsində daşlar qırılır. Bu, çox effektiv metoddur. Bu metod bu gün də çox istifadə edilir. Ölçüsü bir santimetrdən iki santimetrədək olan daşlar üçün bu metod keçərli sayılır. İki santimetrdən böyük daşların zərbə dalğaları ilə qırılması məsləhət deyil. Bu da mümkündür, amma məsləhətli sayılmır. Çünki bu halda daşlar böyük fəsadlar əmələ gətirə bilərlər”.
Bəs hansı hallarda daşların əməliyyatla çıxarılması vacibdir?
V. İsmayıl deyib ki, daşın özünün düşmə ehtimalı yoxdursa, zərbə dalğa metodu ilə düşürülməsi mümkün deyilsə, o zaman cərrahiyyə əməliyyatı tətbiq olunmalıdır: “Özü də bu əməliyyatlar mümkün qədər qısa müddətdə icra edilməlidir. Məsələn, xəstə deyə bilər ki, axı məndə heç bir narahatlıq, ağrı yoxdur? Ağrı olmasa belə, əgər bir insanın böyrəyində daş varsa, o düşməyibsə, düşürülməsi mümkün deyilsə, mümkün qədər tez bir zamanda əməliyyat tətbiq olunmalıdır. Böyrək daşı əməliyyatı çətin və riskli əməliyyat deyil.
Böyrəklərin insan üçün nə qədər dəyərli olduğunu çox təəssüf ki, ağrı, problem yaranana kimi dərk etmirik. Problem yarananda onun dəyərini anlayırıq.
Əməliyyatdan sonra da daş əmələ gələ bilər. Ona görə də daş əmələ gətirən amillərdən kənarda durmaq lazımdır. Əgər indiyə kimi yaşadığımız həyat tərzi bizim səhhətimizdə problem yaradıbsa, böyrəyimizdə daş əmələ gəlməsinə səbəb olubsa, o zaman bunu dəyişmək zəruridir”.
Onun sözlərinə görə, böyrək daşı əməliyyatı olan hər yüz insandan 50-də üç ildən sonra yenidən daş əmələ gəlir: “Bunun təxminən 30 faizi ilk bir il içərisində yaranır. Bu statistikanı qırmaq lazımdır. Təəssüf ki, biz, ümumiyyətlə, dünya həkimləri hələ ki, bunu edə bilmirik”.
Mütəxəssis onu da deyib ki, böyrək daşı əmələ gəlməsində mühüm rol oynayan risk faktorları içərisində ilk yerdə artıq çəki amilini vurğulamaq lazımdır. Artıq çəki yoxdursa, digər risklərin qarşısını almaq mümkündür.