ABŞ-ın qərarı Bakıda yenidən dollar qıtlığı yaradıb –“Qara bazar”da 1.90-a satılır

0
3
“Okeanın o biri üzündə qəbul edilən qərar Bakıda yenidən dollar qıtlığı yaradıb. Söhbət ABŞ Mərkəzi Bankının – Federal Ehtiyatlar Sisteminin (FED) uçot dərəcəsini artırmasından gedir. Amma Azərbaycan Mərkəzi Bankı (AMB) bu qərarın Azərbaycanın valyuta bazarına təsir etməyəcəyini deyirdi.

Bu barədə iqtisadçı-ekspert Vüqar Bayramov Facebook səhifəsində yazıb. Ekspert qeyd edir ki, FED-in qərarından öncə «qara bazar»da 1 dollar 1.83 manata satılırdısa, artıq 1 ABŞ dolları üçün 1 manat 90 qəpik ödəmək lazımdır: Bu isə o deməkdir ki, FED-in qərarından sonra «qara bazar»da milli valyutamız hər 100 dollarda 7 manat ucuzlaşıb. Bankların böyük əksəriyyəti valyuta satışını dayandırdığından, aydındır ki, onların elan etdiyi kurs real məzənnə deyil və müqayisə predmeti ola bilməz.

V.Bayramov yazır ki, «qara bazar»ın ləğvi banklarda dollar satışının tam və fasiləsiz bərpası nəticəsində baş verməlidir: “Bu isə o deməkdir ki, FED-in qərarından sonra və xüsusən də son günlər valyuta bazarında dolların manata nisbətən bahalaşması fonunda AMB banklarda dolların satışının bərpasına nail olmalıdır. Əks halda, dollar qıtlığı manata psixoloji təzyiqi daha da gücləndirəcək”.