“Dekabrın 12-də cəbhə xəttinin müxtəlif istiqamətlərində özünün iki pilotsuz uçuş aparatını (PUA) itirən Ermənistan tərəfi hər zaman olduğu kimi, absurd bəhanələr gətirməklə real faktı növbəti dəfə inkar etməyə çalışır”.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən daxil olan bəyanata əsasən, Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi utanmadan onlara məxsus vurulmuş PUA-ları bu dəfə guya, “Azərbaycanlı uşaqların oyuncaqları” kimi qələmə verir. Halbuki bu vaxtadək elə Yerevanın müxtəlif səviyyəli rəsmiləri özləri etiraf edərək Ermənistan ordusunun təminatına küstar üsulla və əldəqayırma pilotsuz uçuş vasitələrinin daxil edilməsi barədə dəfələrlə məlumatlar səsləndiriblər.
Fotonun sol və sağ künclərində pərlərdən də göründüyü kimi bu foto Ermənistana məxsus vurulan pilotsuz uçuş aparatlarından birindən əldə edilib. Fotoda PUA uçuşa buraxılmadan əvvəl aparatı idarə etmək üçün əlində pult olan hərbi qulluqçu və onun ətrafına toplaşan digər hərbçilərin prosesi izləməsi təsvir olunub.
Bu, bir daha sübut edir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi bütün fəaliyyətlərini yalnız yalan və saxtakarlıq üzərində qurmaqla dünya ictimaiyyətini aldatmağa cəhd göstərir.