Azərbaycanda ölmək neçəyə başa gəlir? – VİDEO

0
3

İstehlak bazarında elə bir xidmət var ki, hamı ondan istifadə etməli olur. Söhbət dəfn xidmətlərindən gedir. Şübhəsiz ki, dəfn müzakirə üçün o qədər də xoş mövzu deyil.Amma həyatın amansız reallıqları var və hər birimiz onunla qarşılaşmalı oluruq.
Ölüm haqdır. Əslində nə doğulmaq nə də ki, ölmək bizim iradəmizdən asılı deyil. Hər birimiz onunla qarşılaşmalı oluruq. Hərdən belə bir ifadə işlədirik: “Yazıq ölən”. Lakin adam ölü sahiblərini sınağa çəkən adət-ənənələri gördükdə “ölən öldü canını qurtardı, yazıq qalanın halına” deyirik. Bu da təsadüfü deyil. Çünki dəfn xidmətlərinin qiyməti toy və digər xeyir mərasimlərinin qiyməti ilə rəqabətə girə biləcək qədər yüksəkdir. Halbuki bu xərcləri, ölənin ailəsinin maddi vəziyyətindən asılı olaraq müəyyən formada dəyişmək mümkündür.
Mövzu ilə bağlı araşdırmamızı bu dəfə Sumqayıtda reallaşdırdıq. Qarşılaşdığımız mənzərəyə adam bilmir ağlasın, yoxsa gülsün. Sumqayıt sakinlərinin sözlərinə görə, bu şəhərdə təkcə ölünün yuyulma və kəfənlənməsi 50-150 manata başa gəlir. Yas çadırının bir günlük kirayəsi 700-1500, ehsan isə 1800-2200 manat səviyyəsində dəyişir.  Bu hələ son deyil. Məzar yerinin qiyməti 300 manatdan 1000 manata kimi, qəbir daşları və aksesuarları isə 350-2500 manat arasında dəyişir. Ən bahalı qəbir daşının qiyməti 40 min manatdır.
Hacı Rauf Sərdarov – Axund: “İnsan dünyasını dəyişəndən sonra yas sahibi borca düşür. Bu borc yalnız yeməkdən yaranmır. Kimsə valideyni və ya yaxını üçün baş daşı qoyur. Onu da elə təmtərahla qoyur ki, sonra borca düşür. Sonra isə deyirlər ki, filankəsin yaxını rəhmətə getdi və yasdan sonra borca düşdü. Burada israfa yol verməmək lazımdır”.
İndi də keçək 3-7-40 və ildönümü mərasimlərinə. Yas süfrəsi isə toy menyusuna bənzəyir. Deyilənə görə, ölünün axirət qiyməti 4-5 min manata gəlib çıxır. İlahiyyatçıların sözlərinə görə, yas mərasimlərinin keçirilməsi zamanı israfçılıq yolverilməzdir.
Hacı Rauf Sərdarov – Axund: “Ehsan verməyin kimsə əksinə getmir. Sadəcə bəzən ehsan süfrələrimizdə o qədər təmtərah olur ki, israfçılığa gətirib çıxarır. Allah özü də “Qurani Kərim” də buyurur ki, israf etməyin”.
Məzarlıqda qəbirlərin hasarı 30-40 santimetrdir. Bir sözlə, indi bəzi qəbirlərdən digərinə ayaq basmaq üçün az qalırsan quş olub uçasan. İşıqlı dünyada gözü doymayanlar bir neçə şəcərəlik nəsli üçün yer tədarükü görüb. Amma dinimizdə bu günah hesab olunur.
İqtisadçılarin sözlərinə görə, qəbir yeri üçün nəzərdə tutulan torpaqlarda qiymətlərin artmı müşahidə olunur. Bu da həmin yerlərə tələbin yüksəlməsi ilə bağlıdır. Onların fikrincə, bu kimi halların qarşısının alınması üçün qəbiristanlıq biznesinə inzibati müdaxilə edilməlidir.
Yaşayın, təkcə ona görə yox ki, ölmək baha başa gəlir. Sadəcə doğmalarının yanında olmaq üçün. Onlarla birgə və sağlam yaşayın.