“Ölkədə təcili köklü islahatlar başlamalıdır” –Əli Kərimli

0
3

AXCP sədri Əli Kərimli ölkədə sosial-iqtisadi vəziyyətin fəlakətli həddə çatması və bundan çıxış yolu ilə bağlı xalqa müraciət edib.

AXCP lideri müraciətini “Feysbuk” səhifəsində yayıb:

“Əziz həmvətənlər, böhran günü-gündən dərinləşir, hər yeni gün ötən gündən də ağır keçir. Üzləşdiyimiz sosial fəlakəti təsvir etməyə ehtiyac duymuram, hamımız vəziyyəti bilirik. Hamımız çıxış yolu axtarırıq. Çıxış yolu var.

Ölkədə təcili şəkildə köklü islahatlar başlanmalıdır. Hökumət öz istəyilə bu islahatlara getməyəcək. Biz xalq olaraq kütləvi, ardıcıl və dinc mübarizəmizlə buna nail olmalıyıq. Hökumət ya özü zəruri islahatlara başlamalı, korrupsiya, monopoliya və israfçılıqdan imtina etməlidir, ya da xalqın azad seçki yolu ilə özünə yeni hakimiyyət formalaşdırmasına mane olmamalıdır. Xalqın seçəcəyi islahatçı qüvvələr ölkədə dərin siyasi və iqtisadi islahatlar apara bilər.

Elə bir çətin dövrdə həm hakimiyyətin təzyiq və repressiyalarına tab gətirmək, həm hakimiyyətə qarşı dinc etirazları uğurla təşkil etmək, həm də ölkəni sosial partlayış və xaosdan yayındıra bilmək üçün müxalifət daha da güclü olmalıdır. Ölkənin demokratik və islahatçı qüvvələrini yalnız xalqımızın kütləvi seçimi daha da gücləndirə bilər”.

Müraciətinin sonunda Əli Kərimli vətəndaşları AXCP-yə üzv olmağa və mübarizəyə başlamağa səsləyib.