Qurudulmuş göl ərazisində yaşayan əhali üçün subasma təhlükəsi var –Nazirlik

0
3

Yağıntıların təsirindən qış və yaz aylarında subasma, sürüşmə, çökmə hadisələrinin dinamikasında aktivlik ola bilər.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

Noyabr ayında Bakı və Abşeron yarımadasında sürüşmə ərazilərində ciddi aktivliyin müşahidə edilmədiyini deyən nazirlik rəsmisinin sözlərinə görə, son aylarda yağışlarla əlaqədar Bakının Binəqədi rayonu ərazisində, Sabunçu rayonunun Maştağa qəsəbəsində daş karxanası adlanan ərazidə, Savalan qəsəbələrində, Yeni Ramana qəsəbəsindəki “Şuşa şəhərciyi”ndə subasma hadisələri müşahidə edilib:

“Ərazilərdəki subasmaların dinamikasında aktivlik yoxdur, amma sular hələ də qalıb, ərazilərdən təmiz çəkilib getməyib”.

R.Həsənov qeyd edib ki, ötən ay Abşeron rayonunun Masazır qəsəbəsində Mirzə İbrahimov küçəsi boyunca yeni subasma hadisəsi baş verib. M.İbrahimov küçəsində uçqun prosesinin də baş verdiyini deyən nazirlik rəsmisi qeyd edib ki, küçə relyefin çökək hissəsindədir:

“Küçədə qrunt qularının səviyyəsi Yer səthinə yaxındır və ora qurudulmuş gölün ərazisində yerləşir. Göl qurudulduqdan sonra əhali orada məskunlaşıb. Əhali isə məskunlaşma yerini seçərkən bu kimi bir çox amillərə diqqət yetirməlidir. Çünki dik yamaclarda, çökək ərazilərdə evlər tikirlər və sonra da belə problemlər yaranır. İntensiv yağışlar yağdıqda bu ərazidə qrunt sularının səviyyəsi qalxır və atmosfer yağıntıları yamac boyu axaraq ərazidə subasmanın yaranmasına səbəb olur. Hazırda orada vəziyyət nisbətən yaxşıdır, su çəkilib. Amma yağışların təsirindən Mirzə İbrahimov küçəsi boyunca ərazilərdə yenidən subasma gözlənilir”.