“Reuters” agentliyinin məlumatına görə, OPEC ölkələri və Rusiyanın hasilatı azaltmaq vədləri qiymətlərə təsir etsə də, razılaşmadan dərhal sonra istehsalın artması ucuzlaşma yaradıb. Həftənin birinci günü neftin qiyməti 1% düşüb.
AZALMADAN ÖNCƏ ARTIRMA
Ekspertlər hasilatın azaldılmasıyla bağlı planların gözləntiləri doğrultmayacağından, ucuzlaşmanın davam edəcəyindən narahatdırlar.
Məsələ burasındadır ki, OPEC-in əldə etdiyi razılaşma 2017-ci ilin yanvarından qüvvəyə minir. Neft istehsalçılarınınsa həmin dönəmə qədər hasilatı artırma cəhdi müşahidə olunur.(Azadlıq radiosu)
Ötən cümə Rusiya noyabrda neft istehsalının gündə 11.21 milyon barrel olduğunu elan edib. Bu da Rusiyadan ötrü son 30 ildə ən böyük rəqəmdir. OANDA beynəlxalq ticarət şirkətinin Sinqapurdakı ofisindən Ceffri Halley “Reuters”ə müsahibəsində Rusiyanın hasilatı artırmasının neft dəllallarını xeyli əndişələndirdiyini söyləyib. Çünki bu artım Rusiyanın hasilatı azaltsa da, yalnız yaxın zamankı səviyyəyə qaytaracağını göstərir.
Ən böyük azalma vəd edən Yaxın Şərq ölkələri də bundan öncə artırmaya can atırlar.
Digər tərəfdən, ABŞ-ın enerji şirkətləri yeni neft yataqlarında qazma işlərini genişləndirdiklərini bəyan ediblər. “Goldman Sachs Groups” beynəlxalq maliyyə şirkətinin hesablamalarına görə, Birləşmiş Ştatlar neft istehsalını 2016-cı ildə gündə 620 min barrel azaltsa da, 2017-ci ildə gündə 55 min barrel artıracaq.
HƏLƏ 20 DOLLARADƏK UCUZLAŞA BİLƏR
“Market Watch” saytı OPEC-in razılaşmasının hələ sual altında olduğunu, bəzi analitiklərin neftin hətta 20 dollara düşəcəyini proqnozlaşdırdığını yazır. Məsələn, «Citigroup» beynəlxalq maliyyə korporasiyası neftin bir barrelinin yeni normasının 20-25 dollara yuvarlanacağını ehtimal edir.
“USA Today” qəzeti ABŞ-ın neft hasilatını artırmasının mənzərəni xeyli dəyişdirdiyini, bugünkü bazara, beynəlxalq siyasətə çox böyük təsir etdiyini yazır: “Neftin qiymətiylə bağlı bütün proqnozlar bir yana dursun, bir şey aydındır, enerji təhlükəsizliyi məsələsində Birləşmiş Ştatların durumu indi çoxdan olmadığı qədər yaxşıdır”.
BÖYÜK İMKANLAR
Qəzet yeni texnologiyaların ABŞ-dan ötrü böyük imkanlar yaratdığını, həm neft, həm də qaz istehsalında böyük uğur qazandırdığını qeyd edir. “2015-ci ildə Birləşmiş Ştatlarda neft istehlakında idxal məhsullarının payı 24%-ə düşüb, bu isə 1970-ci ildən bəri ən aşağı göstəricidir”.
Qəzet bütün bunların OPEC-in fəaliyyətinə təsir göstərdiyini, qurumun bazara öncəki kimi nəzarət edə bilmədiyini yazır. ABŞ-ın həm də iri qaz ixracatçısına çevrilərək Avropa və digər regionlardan ötrü alternativ ola biləcəyini, həmin regionların Rusiyadan asılılığını azaldacağını vurğulayır. “Bu, hakimiyyətə gəlməkdə olan Tramp administrasiyasından ötrü mühüm məsələ olacaq. Çünki Birləşmiş Ştatların Rusiya, Səudiyyə Ərəbistanı və başqa ölkələrlə münasibətlərini müəyyənləşdirməyə, bir sıra məsələlərdə öz nüfuzundan yararlanmağa təsir edə bilər”- deyə, “USA Today” belə yazır.
Dünya bazarlarında «Brent» markalı neftin bir barreli dekabrın 5-də 54 dollardan aşağı olub.