Yəqin ki, çoxunuz sosial şəbəkədə 156 ölkə gəzən azərbaycanlı səyahətçinin profili ilə qarşılaşmısınız. Paylaşdığı foto və informasiyalarla bizi virtual olaraq dünyanın ən ucqar ölkələrinə aparan Mehrac Mahmudovla daha yaxından tanış olmaq qərarına gəldik.
Azərbaycan bayrağını Antarktidada dalğalandıran biznesmen səyahətçi xatirələrini “Qafqazinfo” ilə bölüşür:
– Sizi yaxından tanıyaq. Mehrac Mahmudov kimdir?
– Naxçıvanda anadan olmuşam, orta təhsilimi orda tamamlayıb Sankt-Peterburq (Leninqrad) şəhərinin Politexnik İnstitunun məzunu olmuşam. Hal-hazırda səyahətdən başqa Bakıda şəxsi biznesimlə məşğulam.
– 156 ölkə gəzmisiniz. İlk dəfə səyahətə çıxmaq qərarına necə gəldiniz?
– Səyahətə çıxmaq kimi ayrıca bir qərarım yox idi. Sadəcə mən hərdən işimlə əlaqədar, bəzən isə səyahət məqsədi ilə tez-tez səfərlərə gedirdim. Daha sonra isə maraq dairəmi genişləndirmək üçün səfərlərimin sayını artırmaq qərarına gəldim. Beləliklə, bu, artıq mənim həyat tərzimə çevrilməyə başladı.
– Səyahətə hansı ölkədən başlamısınız və hazırda getmək istədiyiniz hansısa ölkə qalıb?
– İlk səfərim 1991-ci ildə keçmiş Almaniya Demokratik Respublikasına, alman tələbə yoldaşımın dəvəti ilə olub. O qədər ölkə var ki… Vaxt və şərait olduqca hər birini gəzməyə çalışacam. Dünya mənim üçün çox sirli və ecazkardır.
Bu məqamda səyyahın 81-ci səyahətindən qeydlərinə nəzər salırıq:
“…Mayyaların hökmranlıq etdiyi ölkə olan Qvatemala açıq yaşıl rəngin məskənidir. Nə qədər qəribə olsa da, avtobuslar, köşklər, səki kənarları, yanğınsöndürən maşınlar, məlumat lövhələri və saya bilmədiyim daha bir çox yer açıq yaşıl rəngə bürünüb. Amma belə müsbət rəng cinayətkarların fəallığına təsir göstərmir. Məni hətta qorxudurdular ki, hər gün bu küçələrdə bir neçə adam öldürülür.
…Kosta-Rika, yəqin ki, bölgənin ən orijinal ölkəsidir. Məni bəzi sözlərin mənası təəccübləndirdi. Məsələn, ispan dilinə “piyada” kimi tərcümə edilən söz burada “hədəf” mənasını verir. Yəqin bunun səbəbi ölkədə avtomobilin sərxoş vəziyyətdə idarə edilməsinə icazə verilməsidir. Bunu öyrənincə daha diqqətli olmağı qərara aldım.
…Myanmada küçədə gəzərkən boynunda çoxlu halqa olan gənc qadın gördüm. Əvvəllər belə bir şeyi ancaq şəkillərdə görmüşdüm. Yerlilərin dediyinə görə, ölkədə yaşayan paduanq tayfasının çox qəribə, mənim fikrimcə isə, hətta vəhşi adəti var: onlar 5 yaşından başlayaraq qızların boynuna latundan düzəldilmiş halqalar taxır. Halqaların sayı ilbəil yavaş-yavaş artırılır və nəticədə qızların boyun hissəsi uzanır”.
– Səyahət çox insanın arzusu olsa da, maddi çətinliklərə görə bunu gerçəkləşdirmək mümkün olmur. Azərbaycanda hava nəqliyyatının elə də ucuz olmadığını nəzərə alsaq, onda insanlarımız əlavə vasitələr axtarmağa məcbur olur. Siz nəqliyyatı necə optimallaşdırırsınız?
– Bu çətin işdə mənə Moskvadakı Turizm Agentliyinin əməkdaşları çox yardımçı olurlar.
– Xarici səyyahlar səyahətə çıxan zaman kimi evini satır, kimi illərlə maaşını yığır. Bilmək olar, sizin səyahətinizə ümumi nə qədər xərciniz çıxıb?
– Çətin sualdır. 23 ildən çox səyahət edirəm. Bu zaman ərzində çəkilən bütün xərcləri dəqiq söyləməyə çətinlik çəkirəm.
– Gəzdiyiniz yerlərdə azərbaycanlı olduğunuzu deyəndə münasibət necə olur? Ölkəni tanıyırlar?
– Daha öncə Azərbaycanlı deyəndə təəccüblə baxırdılar. Amma indi bu da çox sevincverici haldır ki, çoxları tanıyır və müsbət rəylər bildirir. Hətta, Azərbaycan bayrağı ilə şəkil çəkdirənlər də çox olub.
– Pinqvinlər qitəsi kimi bilinən Antraktida, yəqin ki, az adamın səyahət planında yer alar. Necə oldu ki, siz oraya getmək qərarına gəldiniz? Bir də qitənin yerli sakinləri sizi necə qarşıladı?
– Nəinki Antarktida, Arktika və Qrenlandiya da hər zaman insanlarda böyük maraq yaradıb. Mən də istisna deyildim. Unudulmaz səfər oldu. Antarktidaya turist kimi getmək çətindir. Ən azından bir il növbə gözləməlisən. Hər il yalnız yay aylarında 22 turist Antarktidaya buraxılır. Amma hava şəraiti pis olarsa, sizin səfəriniz təxirə salına, ödədiyiniz vəsait isə geri qaytarıla bilər. Qış mövsümündə isə qitə turistlər üçün demək olar ki, bağlıdır.
Antarktidaya Çilidən təyyarə ilə uçduq. Hava şəraiti heç əlverişli deyildi. Düz üç gün gözləməli olduq. Nəhayət, bu ecazkar qitəyə ayaq basdıq. Yerli əhali qismində Qütb stansiyalarında çalışan alimlər idi, onlar da bizi çox isti qarşıladılar. Pinqvinlər, balinalar və qitənin digər sakinləri həmçinin. Mənim fikrimcə, bu qitənin əsl sahibləri pinqvinlərdir. Onlar tamamilə insanlardan qorxmurlar.
Arktikadada ən unudulmaz ənənələrdən biri okeanın buzlu sularında çimmək idi. İnsanın o an yaşadıqlarını heç bir sözlə təsvir etmək olmur! Çili, Rusiya və Çinin elmi-tədqiqat stansiyalarında oldum. Bu qitə onunla gözəldir ki, özünü əsl tədqiqatçı kimi hiss edə bilirsən. Əbədi buzlar qitəsində öz ölkəmin bayrağını qaldırdım, vətənimin adını qeyd etdim və onu Antarktidadan ayıran məsafəni göstərdim. Bu işarə Antarktidada daim qalır, hansı ölkələrdən qitəyə səyyahların gəldiyini göstərir və bir növ həmin ölkədən xatirə simvolu olur. Antarktidada bütün qonaqlara bir nömrəli tələb təhlükəsizlik qaydalarına riayət olunmasıdır. Ümumilikdə isə, mənim fikrimcə, Antarktida əsl ekstremal turzim yeridir.
– İndoneziya, Flippin adaları ilə bağlı maraqlı fikirlər paylaşmısız. Xüsusilə də adət-ənənələrlə bağlı.
– Filippin məndə qarışıq bir hiss yaratdı: bir tərəfdən heyratamiz təbiəti və çimərlikləri ilə insanı valeh edir, digər tərəfdən Manilanın tozu, səs- küyü və hədsiz səliqəsiz və basırıq olması. Keçmişdə ispan koloniyası olduğu üçün, Milad bayramını çox təntənəli və rəngarəng qeyd edirler. Filippinlilər yemək düşkünüdür, hətta, xüsusi qida rejimləri də var.
İndoneziya isə yüksək mədəniyyəti və inkişafı, eyni zamanda da irsi sərvətlərini qorumaları ilə özünə böyük hörmət qazanıb. Komod adalarındakı varanları, cəngəllik meşələri, filləri, digər flora və fauna nümunələri isə İndoneziyaya olan marağı daha da artırır. Qardaş Türkiyədəki kimi, İndoneziya da özündə Şərqlə Qərbi çox gözəl şəkildə sintez edir.
– Demək olar ki, “Qara qitə”ni qarışbaqarış gəzmisiniz. Daha çox aclıq, uşaq ölümləri, qadın zorakılığı ilə bilinən bu ölkələr bəs sizdə hansı təəssüratları oyatdı?
– Sizin söylədiyiniz “Qara qitə” də son zamanlar çox dəyişib. Bəzi ölkələr bu çətinlikləri aşaraq irəliyə doğru gedir, bir qismində isə təəssüflər olsun ki, hələ də bu hallar mövcuddur. Məsələn, bir dəfə Madaqaskarda dəhşətli bir hadisənin şahidi olmuşam. İnək oğurladığına görə bir oğlanı vəhşicəsinə öldürmüşdülər. Polislər də heç nə etmədilər.
Kotonuda yerli bazarda diqqətimi bir şey çəkdi: Afrika qadınları çox zəhmətkeş olmaqla yanaşı çox ecazkardılar. Fransa kuturyeləri bunların yanında, məncə, susur!
– Səyahətləriniz zamanı başınıza gələn ən maraqlı hadisələr nə olub?
– Botsvanada timsaha az qala yem olacaqdım, Allah qorudu! Ümumiyyətlə, bu neçə illər ərzində maraqlı hadisələr, eləcə də maraqlı insanlar ilə təsadüfi görüşlər çox olub.
– Azərbaycan daha çox qonaqpərvərliyi ilə seçilir. Gəzdiyiniz ölkələrlə müqayisədə buna haqq qazandırmaq olar? Yoxsa daha qonaqpərvər hesab etdiyiniz ölkələrdə oldunuz?
– Daha qonaqpərəvər deməzdim, amma Azərbaycan qədər qonaqpərvər ölkələr çoxdur, elə götürək keçmiş sovet məkanının bəzi ölkələrini. Bir az Şimal ölkələrinin insanları daha soyuqdular.
– “İnsanlar ölmədən öncə bu 3 yerdə olmalıdır” dediyiniz ölkələr var?
– Arktikada Frans-İosif Torpağı kimi xatirəmdə qalan maraqlı yerlər var. Amma gəzmədiyim ölkələrin sayı hələ kifayət qədər olduğu üçün, bu suala cavab vermək tez olardı.