Qazın qiyməti ailə büdcəsinə nə qədər təsir göstərəcək? –Qubad İbadoğlu açıqlayır

0
3
“Qazın qiymət artımı qış dövründə, işığın qiymət artımı isə yay mövsümündə əhalinin xərclərini daha çox artıracaq”.

Strateq.az xəbər verir ki, bu sözləri iqtisadçı Qubad İbadoğlu deyib.

Onun sözlərinə görə, Tarif Şurasının məlum qərarı ilə baş verən qiymət artımlarının təsirlərinə dair hesablamalar göstərir ki, qış dövründə evlərini qaz yandırmaqla isidən əhalinin büdcəsinə daha çox təsiri təbii qazın qiymətinin bahalaşması göstərəcək:

“Bu xüsusilə də ölkə paytaxtında və ətraf rayonlarda qazla işləyən qızdırıcı sistemlərin (kombilərın) sərfiyyat göstəricilərindən asılı olacaq. Hazırda mənzilin sahəsindən asılı olaraq, ən çox işlədilən kombilərin gücü 24-lə 40 arasında dəyişir.

Texniki parametrlərinə görə, 24-lük kombinin 1 saatlıq qaz sərfiyyatı 2,2 kubdur, belə olan halda 10 saat işləyən kombi gündə 22 kub, ayda isə 660 kub qaz yandırır. Bu isə o deməkdir ki, həmin istehlakçı 2,5 aydan sonra yalnız istilik məqsədilə istifadə etdiyi qaza görə minimal normasını ödəyərək, ilin qalan 9,5 ayında əvvəlkindən 2 dəfə yüksək tariflərlə ödəniş etmək məcburiyyətində qalacaq.

Evlərinin isidilməsində 28-lik kombilərdən istifadə edənlər üçün isə bu müddət 2 ay təşkil edəcək və həmin ailələrin də xərcləri ilin 10 ayında bahalı tariflərlə hesablanacaq.

32 və 36-lıq kombilərin istifadəçiləri 1,5 aydan, 40-lıq kombinin isifadəçiləri isə 1 aydan tez minimal normanı, yəni illik 1500 kubmetri qaz istehlak edib, yerdə qalan müddətdə əvvəlki kimi hər 1 kuba görə 10 qəpik deyil, 2 dəfə çox – 20 qəpik ödəyəcəklər.

Nərəzə alanda ki, ailə təsərrüfatında təbii qaz yalnız isitmə məqsədilə deyil, həm də digər məqsədlər üçün istifadə edilir, onda yuxarıda qeyd olunan müddətlər daha da tezləşəcək”.