ABŞ mühəndisləri elektrik əvəzinə su ilə işləyən kompüter ixtira ediblər.
Azərtac globalscience.ru saytına istinadla xəbər verir ki, burada kompüterin işləməsi üçün suyun çəkisi əsas götürülür, elektrik enerjisindən istifadəyə ehtiyac qalmır. Kompüterin iş prinsipi elektromaqnit dalğalarının təsiri nəticəsində su damcılarının hərəkətinə əsaslanır. Qurğu hələ ki, məhdud imkanlara malikdir və ilkin mərhələdə yalnız texniki xarakterli sadə əmrləri yerinə yetirəcək.
Alimlər bildirirlər ki, bir il sonra onlar kompüterləşdirmə sahəsinin ən ciddi tələblərinə uyğun olan yeni layihə təqdim etməyə hazırlaşırlar. Gələcəkdə “su kompüterlərindən” istifadə ekologiya problemlərini minimuma endirməyə imkan verəcək.