Uşaqların müasir oyun vasitələri – telefon, planşet… bəs zərər?

0
3

Elnur Rüstəmov: “Valideynlərin öz uşaqlarına yanaşması dəyişməlidir”

 
Əvvəllər uşaqların oyun dünyası həyətdə özlərinin düzəltdiyi oyuncaqlardan, gizlənpaç, qaçdı-tutdu və sairə kimi müxtəlif əyləncəli oyunlardan ibarət idisə, indi durum fərqlidir. Bu gün demək olar ki, valideynlər övladlarını həyətə belə çıxara bilmirlər. Çünki uşaqlar bütün oyunlarını, dünyalarını kompüter, planşet və telefon üzərində cəmləyib. Bu da onlarda müxtəlif psixi problemlərə, aqressivliyə, ünsiyyət pozuntusuna səbəb olur. 
 
Bəs bunun qarşısını necə alaq? Uşaqların həddindən artıq texnologiyaya bağlılığı hansı fəsadlar törədə bilər?
Psixoloq Elnur Rüstəmov texnologiyanın inkişafının uşaqlar üçün həm mənfi, həm də müsbət tərəflərinin olduğunu dedi: “Biz keçmişlə bu günü müqayisə etsək, nəinki uşaq müstəvisində, ümumiyyətlə, bütün müstəvilərdə görərik ki, çox böyük dəyişikliklər var. Biz informasiya əsrində yaşayırıq. İnsanlar hər şeyi tez əldə etməyə çalışırlar. Diqqət etsəniz görərsiniz ki, uşaq oyunları da daha çox internet, müasir texnologiyalar üzərindən olan oyunlardır. Bütün bunlar bu dövrün tələbləri ilə bağlı bir prosesdir. O insan uğur qazanır ki, o dövrlə ayaqlaşır. Bir söz var ki, uşaqları dövrlərinə uyğun tərbiyə etmək lazımdır. Uşaqlar ata-analarından çox zəmanəyə oxşarlar. Yəni o dövrdə də elə olub, bu dövrdə də elədir. Əgər dünənə qədər bizim oyunlarımız və yaxud da oyuncaqlarımız özümüzün düzəltdiyi taxtadan olurdusa və onun üzərindən biz oynayıb uşaqlığımızı keçirirdiksə, bu gün hər şey internet, texnologiya üzərindəndir.
Hətta rəngləmələr belə internet üzərindəndir. Bunun da uşaqlar üçün həm müsbət, həm də mənfi tərəfləri var. Müsbət tərəfi odur ki, burada seçimlər çox, imkanlar geniş olur. Mənfi tərəfi isə odur ki, seçimin çox olması uşaqlarda müəyyən qədər fikir ayrılığı və yaxud aqressiv davranışa, yanaşmalara rəvac verir. 10-15 il öncə ilə müqayisə etsək, indi nevroloji, psixoloji, fiziksəl problemlərin daha çox olduğunu görərik. Bu da texnologiyanın, ekologiyanın, qidaların  yaratmış olduğu problemlərdən biridir. Yəni bütün müstəvilərdə biz bu prosesi görürük. Uşaqlarla oyun prosesində valideynlər uşağın internetdə, planşetdə vaxt keçirdiyindən şikayətlənir. Valideyn uşağına zaman ayırmalıdır. Biz demirik ki, səhərdən axşamadək uşağı ilə oynasın. İşləyirlər, qayğılar da çoxdur. Ancaq valideyn uşağı ilə yarım saatda olsa, faydalı zaman keçirməlidir. Yəni uşağı ilə emosional bir ünsiyyət, təmas qurmalıdır. Valideynlə övlad arasında emosional bağ yaranmalıdır. Sonra. Konfliktlərlə bağlı indi stress və gərginliklər çoxdur. Ancaq bu stress və gərginlik evə aparılmamalıdır. Hər bir ailədə problem olur. Ancaq bu mübahisə uşağın yanında edilməməlidir. Ata və ana arasında mübahisə olandan sonra uşaqda qorxu yaranır. Bir az keçir o qorxu çevrilib uşağın nitqində problem yaradır, çeçələməsinə gətirib çıxarır. Yaxud uşaqda başqa psixoloji rahatsızlıqlara səbəb olur”.
 
Psixoloq ailələrin daha çox insan faktoruna önəm verməsinin əsas olduğunu dedi. Onun sözlərinə görə, valideynlərin uşaqlara yanaşması dəyişməlidir: “Ailələrdə uşaq sayı azdır, maksimum 3 uşaq olur. Əlbəttə, uşaq az olduğu üçün onlardan gözlədiklərimiz də çox olur. Bir uşağımız olur, istəyirik ki, yaxşı alim, idmançı, gözəl insan olsun. Uşaqdan bütün sahələrdə uğur qazanmasını istəyirik. Bu – mümkün deyil. Nəticədə o uşaqda özünə güvən aşağı düşür, uşaq özünü cəmiyyətdə tapa, gələcəkdə özünü bir şəxsiyyət, insan kimi formalaşdıra bilmir. Yəni ailələr daha çox insan faktoruna önəm verməlidirlər. Tutaq ki, uşağa bir paltar, bir oyuncağı az ala bilərəm. Ancaq uşağımın psixoloji sağlamlığı yerində olsun. Bu çox vacib bir məqamdır. Psixi sağlamlıq fiziki sağlamlıqdan öndədir. Sabah vəziyyət bundan da pis olacaq. Yəni sabah informasiyalar bundan da artıq olacaq. İnformasiyalar artdıqca insanlar bir-birindən uzaqlaşır, özgələşmə artır, inam azalır. Bu gün sən ünsiyyət qurduğun insana inana bilmirsən. Düşünürsən ki, bu səmimidir, yoxsa səmimi deyil.
Baxın, qohumlar arasında bağ nə qədər itib. Bu gün bağ yalnız ailə içindədir: mən və mənim uşaqlarım. Sabah valideynlə övlad arasında da bu bağ qırıla bilər. Buna görə də bizim milli mənəvi dəyərlər üzərində gələcəyin strategiyası qurulmalıdır. Biz milli-mənəvi dəyərləri, valideyn övlad arasında, nəsillər arasında bağları genişləndirməliyik. Bu gün uşaqlarda davranış, ünsiyyət problemi varsa, sabah o davranış və ünsiyyət pozuntusuna çevriləcək. Görürük ki, uşaq evdən pul oğurlayır, valideynə söz qaytarır, kaprizləri artır. Böyüdükdən sonra eyni hərəkətləri cəmiyyətdə edəcək. Zamanında tədbir görmək maarifləndirmə işi aparmaq lazımdır. Pisdir deməklə iş düzəlmir”.