Ümumi təhsil müəssisələrini ümumi təhsil pilləsinin müxtəlif səviyyələri üzrə bitirən şəxslərə bu Qaydaya əsasən təhsil haqqında dövlət sənədləri verilir.
Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli qərarı ilə təsdiqlənmiş “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası”na əsasən ümumi orta təhsil səviyyəsini (IX sinif) xüsusi nailiyyətlərlə başa vuran məzunlara ümumi orta təhsil haqqında xüsusi nümunəli şəhadətnamə, digər hallarda isə ümumi orta təhsil haqqında adi şəhadətnamə verilib.
Yeni Qaydaya əsasən ümumi orta təhsil səviyyəsini xüsusi nailiyyətlərlə başa vuran məzunlara ümumi orta təhsil haqqında fərqlənmə attestatı, digər hallarda isə ümumi orta təhsil haqqında adi attestat veriləcək.
İndiyə qədər tam orta təhsil səviyyəsini qızıl və ya gümüş medal ilə təltif olunmaqla başa vuran məzunlara tam orta təhsil haqqında xüsusi nümunəli attestat, digər hallarda isə tam orta təhsil haqqında adi attestat verilib. Yeni Qaydaya əsasən tam orta təhsil səviyyəsini qızıl və ya gümüş medalla təltif olunmaqla başa vuran məzunlara tam orta təhsil haqqında xüsusi nümunəli attestat, əla qiymətlərlə başa vuran məzunlara tam orta təhsil haqqında fərqlənmə attestatı, digər hallarda isə tam orta təhsil haqqında adi attestat veriləcək. Eyni zamanda tam orta təhsil haqqında attestatda “Təhsil aldığı təmayül” qrafasında şagirdin bitirdiyi sinfin təmayül istiqaməti yazılacaq. Seçilmiş təmayüllər üzrə təsdiq edilmiş tədris planlarında nəzərdə tutulmayan digər fənlərdən tam orta təhsil haqqında attestata ümumi orta təhsil səviyyəsində həmin fənlərdən tədris olunan saatların ümumi miqdarı və təhsilalanın bu fənlərdən yekun attestasiya nəticələri (illik) yazılacaq.
Attestatların ölçüləri və təsviri də dəyişib. Yeni Qaydaya əsasən ümumi orta təhsil haqqında attestat 12.5×17 sm ölçüdə, üz qabığı dermantin materialdan olan kitabça şəklində çap olunacaq. Ümumi orta təhsil haqqında fərqlənmə attestatının üzlüyü qırmızı, adi attestatın üzlüyü isə yaşıl rənglidir. Ümumi orta təhsil haqqında attestatın üz qabığının yuxarı hissəsində “AZƏRBAYCAN RESPUBLİKASI” sözləri, orta hissəsində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri, aşağı hissəsində isə “ÜMUMİ ORTA TƏHSİL HAQQINDA ATTESTAT” və ya “ÜMUMİ ORTA TƏHSİL HAQQINDA FƏRQLƏNMƏ ATTESTATI” sözləri həkk olunur. Attestatın üz qabığının içərisinin sağ və sol tərəflərinin ortasında Azərbaycan Respublikası Dövlət gerbinin təsviri həkk ediləcək. Ümumi orta təhsil haqqında attestatın sol səhifəsinin yuxarı hissəsində qara rənglə “AZƏRBAYCAN RESPUBLİKASI ÜMUMİ ORTA TƏHSİL HAQQINDA ATTESTAT” və ya “AZƏRBAYCAN RESPUBLİKASI ÜMUMİ ORTA TƏHSİL HAQQINDA FƏRQLƏNMƏ ATTESTATI” sözləri, ümumi orta təhsil haqqında attestatın seriyası və nömrəsi yazılacaq. Ümumi orta təhsil haqqında attestatın sol aşağı kənarında möhür yeri və direktorun imzası üçün yer saxlanılacaq. Tam orta təhsil haqqında attestat 12.5×17 sm ölçüdə, üz qabığı dermantin materialdan olan kitabça şəklində çap olunacaq. Qızıl medalla təltif olunan məzunların tam orta təhsil haqqında xüsusi nümunəli attestatının üzlüyü sarı (qızılı), gümüş medalla təltif olunan məzunların tam orta təhsil haqqında xüsusi nümunəli attestatının üzlüyü boz (gümüşü), tam orta təhsil haqqında fərqlənmə attestatının üzlüyü qırmızı, tam orta təhsil haqqında adi attestatın üzlüyü isə yaşıl rəngli olacaq. Tam orta təhsil haqqında attestatın üz qabığının yuxarı hissəsində “AZƏRBAYCAN RESPUBLİKASI” sözləri, orta hissəsində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri, aşağı hissəsində isə “TAM ORTA TƏHSİL HAQQINDA ATTESTAT”, “TAM ORTA TƏHSİL HAQQINDA FƏRQLƏNMƏ ATTESTATI” və ya “TAM ORTA TƏHSİL HAQQINDA XÜSUSİ NÜMUNƏLİ ATTESTAT” sözləri həkk olunacaq. Attestatın üz qabığının içərisinin sağ və sol tərəflərinin ortasında Azərbaycan Respublikası Dövlət gerbinin təsviri həkk ediləcək. Tam orta təhsil haqqında attestatın sol səhifəsinin yuxarı hissəsində qara rənglə “AZƏRBAYCAN RESPUBLİKASI TAM ORTA TƏHSİL HAQQINDA ATTESTAT”, “AZƏRBAYCAN RESPUBLİKASI TAM ORTA TƏHSİL HAQQINDA FƏRQLƏNMƏ ATTESTATI” və ya “AZƏRBAYCAN RESPUBLİKASI TAM ORTA TƏHSİL HAQQINDA XÜSUSİ NÜMUNƏLİ ATTESTAT” sözləri, tam orta təhsil haqqında attestatın seriyası və nömrəsi yazılacaq. Tam orta təhsil haqqında attestatın sol aşağı kənarında möhür yeri və direktorun imzası üçün yer saxlanılacaq.
Ümumi orta təhsil haqqında attestatda və tam orta təhsil haqqında attestatda nömrələnmə A № 000001-dən başlayaraq, hər dəfə bir say artırılmaqla çap ediləcək. Altırəqəmli nömrələnmə son həddə çatdıqdan sonra № işarəsindən əvvəlki hərf Azərbaycan əlifbasının ardıcıllığı ilə yeni hərflə əvəz edilir və nömrələnmə yenidən aparılacaq. Ümumi orta təhsil haqqında attestat və tam orta təhsil haqqında attestat tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ümumi təhsil müəssisələrinə (məzunların sayına görə) Təhsil Nazirliyi tərəfindən verilir. Ümumi orta təhsil haqqında attestat və tam orta təhsil haqqında attestat məzunlara ümumi təhsilin müvafiq səviyyəsini bitirdikdən sonra 10 gün müddətində təntənəli surətdə təqdim ediləcək. Ümumi təhsil müəssisəsi ləğv olunduqda, ümumi orta təhsil haqqında attestat, tam orta təhsil haqqında attestat və ya onların dublikatları Milli Arxiv İdarəsinin arayışına əsasən, Təhsil Nazirliyinin yazılı müraciəti ilə eyni tipli ümumi təhsil müəssisəsi tərəfindən verilə bilər.
2016-2017-ci və 2017-2018-ci tədris illərində ümumi təhsil pilləsinin tam orta təhsil səviyyəsini bitirmiş məzunların buraxılış imtahanı aparılan fənlər də daxil olmaqla, hər bir fənn üzrə yekun attestasiyasının nəticələri tam orta təhsil haqqında attestatın “illik” qrafasında bir qiymətlə yazılacaq.
APA