“Report” “1in.am” saytına istinadən xəbər verir ki, onlar Ermənistan hökümətinin orduya dəstək məqsədilə həyata keçirdiyi “1000 dram” kampaniyasına etirazlarını bildiriblər.
Saytın məlumatına görə, Dağlıq Qarabağda atəşkəs razılaşması əldə olunduqdan sonra ölmüş erməni hərbi qulluqçularının valideynləri Ermənistan hakimiyyətini, xüsusi ilə də Müdafiə Nazirliyini korrupsiyada, rüşvətxorluqda, komandirlərə pul verməyən əsgərləri işgəncə ilə qətlə yetirməkdə ittiham ediblər.
Həmin valideynlərdən biri Anahit Mkrtçyan deyib ki, hökumət “1000 dram” kampaniyasında toplanacaq pulları mənimsəyəcək və həmin vəsait kimlərinsə şəxsi maraqlarının təmin olunması üçün istifadə ediləcək: “Əvvəla, bu pul yığma məcburi olmamalıdır. İkincisi, deyirlər ki, guya bu orduya kömək üçündür. Amma mən toplanan vəsaitin bu məqsədlə xərclənəcəyinə inanmıram. Həmin pullar mənimsəniləcək”.
O qeyd edib ki, 15 il əvvəl-2001-ci ildə oğlu Arayik Avetisyan xidmət etdiyi hərbi hissənin komandirinə pul vermədiyinə görə öldürülüb: “Oğlum hərbi xidmətdə olanda məzuniyyətə gəlmişdi. Xidmət yerinə qayıtdıqdan sonra komandir ondan 100 ABŞ dolları tələb edib. Amma biz kasıb olduğumuza görə həmin pulu düzəldib oğluma verə bilməmişdik. 100 dolları aparmadığına görə hərbi hissədə övladımı öldürüblər”.
Ölmüş əsgərin valideyni bildirib ki, Ermənistan ordusunda indi də açlıq, səfalət, qanunsuzluq hökm sürür: “Oğlum xidmət etdiyi dövrdə də, indi də əsgərlərə lazımı qədər qida vermirlər, onlar açlıqdan əziyyət çəkirlər. Geyimlər isə köhnə və yararsızdır. Oğlanları qulluq edən qonşularım daim övladlarına bağlamalar, alt paltarı, geyim, çəkmələr alıb göndərirlər. Bəs hanı orduya edilən köməklik?! İllərdir heç nə dəyişməyib, əsgərlərin yeməyi, geyimi oğurlanmaqda davam edir. Bu oğurluqlar əsgər ölümü ilə nəticələnən hadisələrə səbəb olur, bunu hamı bilir. Hətta bir dəfə nəzarət buraxılış məntəqəsində olarkən ət oğurluğunun şahidi oldum. Keçmiş müdafiə naziri Seyran Ohanyanın müxalifətə keçməsinə və onun müxalifət cəbhəsində qəbul olunacağına inanmıram. Aprel döyüşləri göstərdi kim komandirdi, kim generaldır. 104 erməni əsgəri öldü, ancaq ölkədə matəm elan olunmadı. Budur orduya dəstək?”.
Sülh dövründə ölmüş erməni hərbi qulluqçularının valideynlərindən Nana Muradyan isə bildirib ki, hakimiyyətdə olanlar ordunun adından istifadə edərək, yenidən varlanmaq istəyirlər: “Onlar əsgər ölümlərinin qarşısını almaq üçün tədbir görmək əvəzinə, yeni ölümlərə şərait yaradırlar. Valideynlər isə səslərini çıxartmırlar. Hansı əsaslarla erməni əsgərlərini Qarabağın sərhədlərini qorumağa aparırlar və orda öldürürlər. Bizim övladlarımızın ora aparılması tamamilə qanunsuzdur”.