Dollar təkcə Azərbaycanda bahalanmır. Rusiyada Моskva birjasında dollar son 1 gündə rubla nisbətdə 1 faiz bahalanıb. Hazırda 1 dollar 64,41 rubldur.
ABŞ-da da dollar bahalaşır. 6 əsas valyutadan ( avro, funt sterlinq, yapon yeni, Kanada dolları, İsveçrə frankı, İsveç kronu) ibarət səbətə nisbətdə dolların məzənnəsini müəyyən edən Dollar İndeksi – US Dollar İndex son 13 ildə rekord səviyyəyə qalxıb.
Dolların bahalanmağının səbəbi ABŞ iqtisadiyyatı üzrə yeni statistik göstəricilərin yaxşı olması və yeni ABŞ prezidenti Donald Trampın iqtisadi planlarıdır.
Gəliri neftin qiymətindən asılı olan Azərbaycan, Rusiya kimi ölkələrdə yerli vayutanı zəiflədən təkcə dolların bütün dünyada güclənməyi deyil, həm də neftin qiymətinin düşə biləcəyi ehtimallarıdır.
MB SƏDRİ BİRDƏN-BİRƏ 25 DOLLAR QİYMƏTİNDƏN DANIŞIR
Noyabrın 24-də Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina deyib ki, “neftin qiymətinin 25 dollara düşməsi fəlakət olmayacaq.”
Burda əsas odur ki, Nabiullina birdən-birə 25 dollar senarisinin adını çəkib. Xatırladaq ki, Trumpın neft istehsalı planlarına görə, neftin barrelinin 25 dollara düşə biləcəyini ehtimal edənlər var.
NEFT 25 DOLLAR OLSA… MANAT NEÇƏ OLACAQ?
Neft 25 dollara düşsə, neft ölkələrinin valyutalarının məzənnəsi neçə olacaq?
Ən əsası, manatın məzənnəsi neçə olacaq?
Manatın hansı məzənnəyə düşəcəyini başqa neft ölkələrinin valyutalarının hansı səviyyəyəcən düşəcəyi əsasında hesablamaq olar. Çünki ehtimal etmək olar ki, neft düşəndə manat rublla təxminən eyni dəyişəcək və Rusiyada indidən bunu ən yüksək səviyyədə fəal şəkildə hesablayırlar.
Neft 25 dollara düşsə, rubl nə qədər düşəcək?
Lenta.ru-nun məlumatına görə Moskvadakı “Zerich Capital Management” şirkətinin investisiya analizi idarəsinin direktor müavini Andrey Vernikov hesablayıb ki, bu halda 1 dollar 120 rublacan qalxacaq. Hazırda 1 dollar 64 rubldur. Manat rublla eyni dəyişsə, bu o deməkdir ki, neft 25 dollara düşəndə 1 dollar 3 manat 19 qəpiyəcən qalxacaq.
Moskvadakı “Alfa Bank”ın baş iqtisadçısı Nataliya Orlovanın hesablaması bir qədər yumşaqdır.O deyir ki, neft 25 dollara düşsə, 1 dollar 80-85 rubl olacaq.
Ancaq o əlavə edir ki, neft 25 dollar qiymətində çox qalsa, onda məzənnə 1 dollar 90 rublacan dəyişə bilər.
Bu hesabla, manat da 1 dollar = 2 manat 40 qəpik səviyyəsinə düşəcək. Bunlar neftin qiymətinin 25 dollaracan düşməsi senarisində manatın məzənnəsinin necə olacağı ehtimallarıdır.
Bəs neft kəskin düşməsə və ya neft amili nəzərə alınmasa?
Bu halda da dollar digər valyutalara qarşı güclənməkdə davam edəcək. Bloomberg valyuta alıb-satan treyderlər arasında sorğu keçirib. Rəyi soruşulanların 43 faizi deyib ki, 2017-ci ildə 1 dollar 1 avroya bərabər olacaq. Noyabrın 24-də 1 avro 1,05 dollardır.
“Deutsche Bank”ın Londondakı bölməsinin təhlilçisi Georq Saravelos müştərilər üçün hesabatında yazır ki, “Trampın qələbəsi hər şeyi dəyişdi”.
Azadlıq radiosu