Prezident İlham Əliyev bu gün “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Fərman imzalayıb.
Fərmana əsasən, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 338-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə aşağıdakı qərar verilib:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. Müəyyən edilsin ki:
3.1. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.54-cü və 22.5-1-ci maddələrində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;
3.2. həmin Qanunun 1.0.54-cü və 22.5-1-ci maddələrində nəzərdə tutulmuş elmi təşkilat Azərbaycan Milli Elmlər Akademiyasıdır.
4. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 685; 2012, № 3, maddə 197, № 4, maddə 289, № 6, maddə 532; 2016, № 1, maddə 76) aşağıdakı dəyişikliklər edilsin:
4.1. 2.1-ci bənddə “1.0.48-ci maddəsində” sözləri “1.0.48-ci, 1.0.54-cü maddələrində” sözləri ilə, “15.3-cü maddəsində” sözləri “15.3-cü, 22.5-ci, 22.5-1-ci maddələrində” sözləri ilə əvəz edilsin;
4.2. 2.10-cu bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.11-ci bənd əlavə edilsin:
“2.11. həmin Qanunun 1.0.54-cü, 22.5-ci, 22.5-1-ci maddələrində nəzərdə tutulmuş elmi təşkilat Azərbaycan Milli Elmlər Akademiyasıdır.”.
****
Xatırladaq ki, bu gün prezident “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 684; 2011, № 2, maddə 70; 2014, № 1, maddə 3; 2015, № 11, maddə 1266; 2016, № 1, maddə 41) aşağıdakı dəyişikliklər edilməsi ilə bağlı qanunu da təsdiq edib.
Təsdiqlənən yeni qanunla yuxarıdakı fərmanda nəzərdə tutulan maddələrin açılışı verilib.
Beləliklə:
1. 1.0.53-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 1.0.54-cü maddə əlavə edilsin:
“1.0.54. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilat – magistr təhsil proqramı əsasında təhsil prosesini həyata keçirən və məzunlara magistratura səviyyəsində təhsil haqqında dövlət sənədi verən qurum.”.
2. Aşağıdakı məzmunda 22.5-1-ci maddə əlavə edilsin:
“22.5-1. Bu Qanunla magistratura səviyyəsi üzrə təhsil fəaliyyətini həyata keçirən ali təhsil müəssisələri üçün müəyyən edilmiş müddəalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilata şamil edilir.”.