Ötən gecə Bakıda 0-3 dərəcə şaxtanın olacağı proqnozlaşdırılmışdı, faktiki olaraq isə paytaxtda gecə 0-2 dərəcə şaxta müşahidə edilib.
Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.
Onun sözlərinə görə, noyabr ayında gecə belə şaxtalı havanın müşahidə edilməsi anomal hal deyil: “Noyabrda belə halın müşahidə edilməsi ilk dəfə deyil. Belə temperaturun qeydə alınması noyabr ayı üçün səciyyəvidir. Müxtəlif illərdə noyabrda bundan da şaxtalı gecələr müşahidə edilib”.
A.Verdiyev deyib ki, Bakıya qarın yağması bu gün əsasən, günün birinci yarısında müşahidə ediləcək: “Sabahdan isə bütün ölkə ərazisində havanın mülayimləşəcəyi, temperaturun ötən günlərlə müqayisədə tədricən yüksələcəyi gözlənilir”.