İlham Əliyev:”Bu çempionat mühüm beynəlxalq idman hadisəsinə çevriləcək”

0
7
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiçi qəbul edib.

Bakıya birinci Avropa Oyunları zamanı səfərini xatırlayan qonaq Oyunların hətta Olimpiya Oyunlarından da yüksək səviyyədə keçirildiyini, ölkəmizə gələn xarici qonaqların buradan çox gözəl xatirələrlə ayrıldığını qeyd edərək, bu cür tədbirlərin keçirilməsinin Azərbaycanın gələcək inkişafı üçün gözəl bir investisiya olduğunu vurğuladı. 2017-ci ildə Bakıda qadınlar arasında Voleybol üzrə Avropa Çempionatının final mərhələsinin keçirilməsi barədə qərarın önəmini diqqətə çatdıran Aleksandar Boriçiç tədbirin ölkəmizdə uğurla təşkil ediləcəyinə ümidvar olduğunu dedi və bu işlərə verdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

Azərbaycanda idmanın inkişafına böyük önəm verildiyini deyən Prezident İlham Əliyev bütün idman tədbirlərinin yüksək səviyyədə təşkili üçün ölkəmizin böyük səylər göstərdiyini vurğuladı. Bakıda keçirilən birinci Avropa Oyunlarının əhəmiyyətindən danışan dövlətimizin başçısı qeyd etdi ki, ölkəmiz bu Oyunların Yay Olimpiya Oyunlarından da yüksək səviyyədə təşkilini qarşısına məqsəd qoymuşdu və buna nail oldu. Azərbaycan komandasının 2016-cı il Rio Olimpiya Oyunlarında medalların sayına görə dünya ölkələri arasında 15-ci yeri tutduğunu deyən dövlətimizin başçısı bunun böyük uğur olduğunu qeyd etdi. Ölkəmizdə idmanın təbliğinə, həmçinin müxtəlif beynəlxalq tədbirlərin təşkilinə böyük diqqət yetirildiyini vurğulayan Prezident İlham Əliyev qadınlar arasında Voleybol üzrə Avropa Çempionatının final mərhələsinin də Azərbaycanda uğurla keçiriləcəyinə, tədbirin mühüm beynəlxalq idman hadisəsinə çevriləcəyinə əminliyini ifadə etdi.