Hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı məlumata əsasən bu gecədən başlayaraq yolların buz bağlaması ehtimalını nəzərə alaraq, Bakı Nəqliyyat Agentliyi paytaxtın inzibati ərazisində müntəzəm sərnişindaşıma ilə məşğul olan bütün daşıyıcı şirkətlərə xəbərdarlıq edib.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, daşıyıcı şirkətlərə sərnişindaşımada istifadə edilən avtobusların xəttə buraxılmazdan öncə texniki baxımdan yoxlanılmasına nəzarətin gücləndirilməsi, avtobusların salonunda isitmə sisteminin işlək vəziyyətə gətirilməsi tapşırılıb: “Sərnişinlərin təhlükəsizliyi baxımından avtobus sürücüləri meteoroloji vəziyyəti nəzərə alaraq yollarda müəyyən edilən sürət həddinə ciddi əməl etməlidirlər”.
Bundan başqa, sərnişinlərin soyuq havada dayanacaqlarda uzun müddət gözləməsinin yol verməmək üçün daşıyıcılara avtobuslararası intervalı tənzimləmələri də tapşırılıb.