Zoologiya İnstitutunun direktoru Elman Yusifov Turan-a bildirib ki, ANS icarə müqaviləsini Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağlayıb.
“Müqavilənin vaxtı bitdiyindən ANS ilə yeni müqavilə bağlanmayıb. Binada ANS-in yerləşdiyi sahələrin artıq Zoologiya İnstitutuna qaytarılmasına start verilib. Təhvil-təslim üçün komissiya fəaliyyət göstərir. Sadəcə, ANS-in rəhbərliyi texniki avadanlıqları, maşın və mexanizmləri ərazidən çıxarmaq üçün vaxt verilməsini xahiş edib. Onlar yeni ofis icarəyə götürən kimi avadanlıqların boşaldılmasına başlanılacaq”, – o bildirib.
Milli Televiziya və Radio Şurası (MTRŞ) “ANS Müstəqil Yayım və Media” Şirkətinin yayımının 18 iyul 2016-cı ildən 1 ay müddətinə dayandırılması barədə qərar qəbul edib.
MTRŞ bu qərarı Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə Azərbaycan Baş Prokurorluğunun müraciətinə əsasən qəbul etdiyini bildirib.
Bununla yanaşı, MTRŞ ANS-ə verilmiş 25 oktyabr 2013-cü il tarixli xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə məhkəmədə iddia qaldırıb. Bakı Apellyasiya Məhkəməsi MTRŞ-nin iddiasını təmin edib, ANS-in lisenziyasına xitam verilməsi ilə bağlı qərar qəbul edib.
MTRŞ həmçinin ANS-ÇM radiosunun lisenziyasını ləğv edib.
Bütün bunlar bu il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhd zamanı ANS-in hadisələri işıqlandırması və televiziyanın müxbirinin Ankaranın dövlət çevrilişini təşkil etməkdə günahlandırdığı ABŞ-da yaşayan Fətullah Gülənin mətbuat konfransında iştirakından sonra baş verib.
Azərbaycanın ilk müstəqil televiziyası olan ANS 1991-ci il noyabrın 26-dan fəaliyyət göstərirdi